10 Oktyabr 2014 11:04
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 Azərdə sürgündə Güney Azərbaycan Parlamenti yaradılacaq

Bu il martın 15-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı sürgündə Güney Azərbaycan parlamentinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüblər.

Teleqraf.com-un məlumatına görə, bu işin aparılması üçün 9 nəfərdən ibarət Təşəbbüs qrupu yaradılıb. Fəaliyyət çərçivəsində qərara alınıb ki, qısa müddət ərzində hazırlıq işlər görülsün və Parlamentin yaradılması ilə bağlı ümumi çağırış elan olunsun.

Sürgündə güney azərbaycanlılardan ibarət Parlamentin demokratik qaydalar əsasında qurulması və hər hansı məhdud qrupun təsiri altına düşməsinin yolverilməzliyi bütün milli qüvvələr tərəfindən dəstəklənib. Ona görə də milli hərəkatın demokratik dəyərlərinə əsaslanaraq bu prosesdə bütün iştirakçıların seçıb-seçilmə hüququ təmin olunması əsas kimi götürülüb. Buna görə də parlamentin yaradılması ilə bağlı milli qüvvələrə müraciət olunub: “Biz milli qüvvələr və müstəqil şəxslər olaraq, sürgündə Parlamentin demokratik çərçivədə qurulmasını dəstəkləyir və bu prosesin aşağıdakı qaydada aparılmasını zəruri hesab edirik:

1. Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ümumi çağırış əsasında olmalıdır.
2. Parlamentin yaradılması Güney Azərbaycandan olan müstəqil və təşkilat mənsubiyyəti olan şəxslərin iştirakı ilə keçirilməlidir.
3. Parlamentin yaradılması üçün ümumi çağırış əsasında bu prosesdə iştirak edən şəxslər Sürgündə ilk Güney Azərbaycan Parlamentininin qurucuları hesab ediləcəklər.
4. İlk qurulacaq Sürgündə Güney Azərbaycan Parlamentinə çağırışın 21 Azər - Güney Azərbaycan Milli Hökumətinin ildönümü ərəfəsində keçirilməsi məqsədəuyğundur.
5. Türkiyədə və Azərbaycanda yaşayan güney azərbaycanlıların viza problemindən dolayı Avropa və ya Amerikaya gələ bilməyəcəklərini nəzərə alaraq, Parlamentin yaradılmasında iştirak etmək istəyən güney azərbaycanlıların Türkiyədə bəlli bir ünvanda toplaşmaları üçün şəraitin yaradılması zəruridir.
6. Sürgündə Güney Azərbaycan Parlamentinin demokratik qaydalarla idarə olunması və onun fəaliyyət istiqamətini tənzimləyən təklif sənədlərinin hazırlanması hüquqşünasların öhdəsinə verilməli və bütün sənədlər hüquqi baxımdan dəyərləndirilərək hazırlanmalıdır.

Sürgündə ilk Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı keçiriləcək şəhərin adı yaxın vaxtlarda bildiriləcək. İndiyədək müraciəti Qulamrza Səbri Təbrizi, Şapur Ənsari, Mahmudəli Çöhrəqanlı daxil olmaqla 50 nəfər dəstəkləyib.

ABŞ-da yaşayan GünAz.TV-nin rəhbəri Əhməd Obalı məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı müraciətin yayılmasından bir neçə saat sonra Bakıdan partiya liderlərindən biri onu qeyri-etik sözlərlə təhqir etməyə çalışıb: “Bu müraciətin əsas səbəbkarının mənim olduğumu düşünən partiya lideri olduqca təhqiramiz ifadələr işlətdi və məni məhv edəcəyinə söz verdi. Partiya liderinin müraciətin demokratik prinsipləri və onlarla Azərbaycan Milli Hərəkatı fəalının imzasını bu şəkildə görməzdən gəlməsi və olduqca qeyri-etik davranışı məndə təəccüb doğurub. Həmçinin bu şəxsin Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı hansı planının olması mənim üçün qaranlıq qalıb”.

Ə.Obalı hələlik onu təhqir edən və hədələyən şəxsin kimliyini açıqlamayaıb. O bildirib ki, həmin şəxsin kimliyi yaxın günlərdə açıqlana bilər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər