5 May 2014 13:04
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın mayın 3-də keçirilən sessiyasında AXCP üzvlərinin quruma kütləvi şəkildə üzvlüyünə etiraz olaraq Milli Şuranı tərk edən KXCP-çilər sosial şəbəkələrdə təhqir olunurlar.

KXCP təşkilat katibi Xəzər Teyyublu Teleqraf.com-a bildirib ki, partiya sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvünün Milli Şuranın sessiyasını tərk etməsinə AXCP-yə yaxın gənclər təhqiramiz formada reaksiya veriblər: "Bu cür təhqirlər siyasi əməkdaşlıq mühitinə xələl gətirir. Bəziləri KXCP-ni təhqir etmək üçün sanki məqam gözləyirlər. Azərbaycanın milli azadlığı uğurunda mübarizə aparan, Müstəqillik Aktını imzalayan insanlara qarşı bu cür hörmətsizlik heç cür başadüşülən deyil".

Təşkilat katibi əlavə etdi ki, KXCP Milli Şurada yaranan son durumu müzakirə edəcək: "Hazırda qeyri-müəyyən vəziyyət yaranıb. AXCP-nin sonuncu cəhdi anlaşılmazlıq yaratdı. Onsuz da, AXCP Milli Şurada mövcuddur. Şurada xüsusi üstünlük qazanmaq nəyə lazımdır? Biz Milli Şuranın təşkilatlanmasına, kənardan yeni üzvlərin gətirilməsinə önəm verməli olduğumuz halda, mövcud partiyaların orada daha da möhkəmlənməsinə xüsusi diqqət yetirməməliyik. Ehtiyatda olan zabitlərimiz var ki, Milli Şurada təmsil olunmaq istəyirlər, amma onların üzvlüyünü irəli sürən yoxdur. Yaxşı olardı ki, Milli Şura daha vacib məqamlara yer ayırsın".

Ruslan


Müəllif: Ruslan Xəlil