Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Tofiq Əlixanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən il oktyabrın 8-də, gecə saat 02.00-da Qaradağ rayonun Müşfiqabad qəsəbəsi ərazisində Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Məqatil Zeynalovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi qəsəbənin küçəsində tapılıb.
Bundan əlavə, Məqatil Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ rayon xəstəxanasına aparılıb.
Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Məlum olub ki, saxlanılan şəxs əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunmuş Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tofiq Əlixanovdur.
Məlum olub ki, kişilər arasındakı münaqişə münasibətləri müəyyənləşdirmə əsasında baş verib. Qarşılıqlı təhqirdən sonra Tofiq Əlixanov komendant saatı olmasına baxmayaraq, Murad Zeynalovu danışmaq üçün görüşə çağırıb.
Buna görə də onların arasında dava böyüyüb və qətl hadisəsi baş verib.
Qeyd edək ki, qətl hadisəsi dövründə Bakı şəhərində, bir çox bölgələrdə komendat saatı tətbiq olunurdu.
İstintaq orqanı tərəfindən Tofiq Əlixanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.