Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.