5 May 2014 20:02
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu Abdullayeva: “Onu camaat çox yaxından tanımır”

Solçu yazar Məmməd Süleymanov hesab edir ki, sosial-demokratlar solun ideyalarını çoxdan satıblar.

Onun fikrincə, solçu anti-kapitalist olmalı, onunla iş birliyinə getməməlidir:

“Bu baxımdan Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Leyla Yunus, Ayaz Mütəllibov və digərlərinin heç biri solçu deyillər, olmayıblar və özləri də solçu olduqlarını ifadə etməyiblər. Onlar hakimiyyətlə müəyyən sazişə getməyə hazırdırlar. Söhbət onların nə vaxtsa sosial-demokrat olmasından gedirsə, artıq sosial-demokratlar 1970-ci ildən sonra Marksdan və Engelsdən əl çəkiblər. Onlar İncildən daha çox sitat gətirirlər, nəinki Marksdan. Baxın, Türkiyədə Cümhuriyyət Xalq Partiyasına. Onu nə dərəcədə sol partiya adlandırmaq olar? Bu partiya kapitalizmlə dinc və yanaşı yaşamağa çalışır. Eyni sözü Züqanovun rəhbəri olduğu Kommunist Partiyasına da şamil etmək olar. Yəni kimsə özünə sosial-demokrat deyirsə, dərhal sol sözünü qabartmaq lazım deyil”.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva daxilən solçuların ideologiyasını qəbul etdiyini söyləyib: “Bir vaxtlar Sosial Demokrat Partiyasının üzvü idim. Bu ideya mənə çox yaxın idi. Çalışırdım ki, ideya Azərbaycanda tətbiq olunsun. Amma mən siyasəti tərk etmişəm, partiya üzvü deyiləm. Mən partiyaların dünyada rollarını başqa cür görürəm. Daha doğrusu partiyaların rolunu görmürəm. Hərəkatlar mənim üçün daha qəbulolunandır. Partiyalar tələb edir ki, sən öz fikirlərini ifadə etməyəsən. Çiynində partiya siyasəti və imici var, insan səmimi ola bilmir”.

A.Abdullayeva əlavə edib ki, Helsinki Vətəndaş Assambleyası solçu fikirli insanların klubudur: “Orada liberal-demokratlar da var, bizim üzvlərimiz əsasən sol-demokrat ideyaları dəstəkləyir. Mən Məmməd Süleymanovun xətrini o qədər çox istəyirəm. Uzun müddətdir görüşmürəm. 15 ildir fikir mübadiləsi etmədiyimizdən onun nələr düşündüyünü bilmirəm. O da heç bilmir ki, hansı həyatı yaşayıram, hansı ideyaları təbliğ edirəm. Yəqin bu, bilməməzlikdəndir. Bir az qapalı insandır, ünsiyyətə meylli deyil. Onu camaat çox yaxından tanımır. Ancaq çox saf, ürəyi təmizdir. Nə desə də saflıqdan deyir, təmizlik üçün çalışır. Mən də çalışıram ki, siyasət mənəvi olsun. Fikirləşirəm ki, siyasi partiyaların zamanı keçib”.

Nərgiz


Müəllif: