7 Fevral 2022 11:49
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakinləri Ceyhun Məmmədli və Asif Səmədov rayon ərazisində saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 1 kiloqramdan artıq narkotik maddə heroin, 10 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 kiloqram 650 qrama marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyiblər və hesabına müəyyən miqdarda pul göndəriblər.

Daha sonra isə C.Məmmədli və A.Səmədova narkotik vasitələrin Saatlı rayonu ərazisində gizlədildiyi yer bildirilib və onlar bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəliblər.

Həmin maddələri gizlədildiyi yerdən götürərək aparan zaman isə onları Saatlı rayon polis şöbəsinin əməkdaşları saxlayıblar.

Dindirilmə zamanı hər iki şəxs qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov