Bakının Səbail rayonunda polis əməkdaşlarına hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Fevralın 12-də, saat 17.00-da vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb.
Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedbi. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.
Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.