2 Mart 2022 12:27
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, Q.Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərindən birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində 2 baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov