10 İyul 2023 09:25
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30000 manat pul tələb ediblər.

Daha sonra 15000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.

Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şikayət edən zərərçəkmiş Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovdur.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Sabirabad rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər