15 Yanvar 2015 11:40
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şurada yeni proses start götürür. Söhbət KXCP sədri və qurumun bir neçə üzvünün Milli Şuradan istefasından gedir. Əldə etdiyimiz məlumata görə, KXCP sədrinin Milli Şura haqqında son fikirlərinə də bu rakursdan baxmaq daha məqbuldur.

Qeyd edək ki, bu ay Milli Şuranın sessiyası keçiriləcək. Qeyri-rəsmi məlumatlara görə, sessiyada Koordinasiya Şurasının yeni tərkibinin formalaşdırılması əsas müzakirə mövzusu olacaq. Çünki Koordinasiya Şurası bir illik seçilib və artıq onun yenidən əvəzlənməsi məsələsi lazım gələcək. Görünən budur ki, Koordinasiya Şurasının üzvlərindən olan və toplantılara qatılmayan Mirmahmud Mirəlioğlu bu quruma yenidən seçilməyəcək. Çünki şurada ona olan münasibət bəllidir. Əgər proseslər bu istiqamətdə davam etsə, KXCP sessiyadan əvvəl şuradan getmək məcburiyyətində qalacaq.

Böyük ehtimalla KXCP sədri ilə yanaşı, VAMBP-nin sədri H.Əzimov da yeni tərkibdə yer almayacaq.

Mirmahmud Mirəlioğlu niyə danışır?

KXCP sədri Mirmahmud Mirəlioğlu son müsahibəsində Milli Şura haqqında danışıb və qeyd edib ki, bu qurum artıq missiyasını başa vurub. KXCP sədri deyib ki, Milli Şurada üzvlük fərdidir, kim istəyirsə, qalır, kim istəyirsə, fərqli addım atır: "Milli Şura 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı yaradılmış müxalifətin qurumudur. Seçkilərin keçirilməsinin də artıq 1 ili tamam olub. Hesab edirəm ki, Milli Şura öz missiyasını bitirib. Bütün rıçaqlar əllərində olmasına baxmayaraq, 1 il hakimiyyətdə qala bilməyən dostlarım sonradan prezident seçkiləri ilə bağlı qurum yaradıb, bəziləri istəyirlər ki, bu qurum uzunömürlü olsun. Bu adamlar hakimiyyətin uzunömürlü olması üçün belə çalışmadılar, amma müxalifətdə olanda bir qurumun ömrünün sonsuzluğa qədər davam etməsini istəyirlər. Mən heç Milli Şuradan getməmiş də haqqımda nələr deyirlər?! Sadəcə, Milli Şuranı biz özümüz təsis etmişik. Mən öz təsis etdiyim quruma gedib ərizə ilə müraciət etməliyəm ki, bu qurumdan çıxıram? Ayıbdır, bu qurumu özüm qurmuşam, təsisçinin biri də mənəm. Dəfələrlə demişəm ki, bir siyasi qurumu quranda, bir yerdə bir blok yaradanda, hansısa əhval-ruhiyyə ilə bunu etmişik, ora daxil olmuşuqsa, o əhval-ruhiyyə ilə də oradan ayrılaq. Bir dəfə də bunu edək! Hətta Müsavat Partiyası Milli Şuradan gedəndə də mövqeyim belə olub ki, gəlin bu məsələni elə bu gün bir yerdə həll edək. Buna görə qalmışam. Müsavat Partiyası gedəndən sonra "Milli Şuranı KXCP xilas etdi" deyənlər indi lüğətlərində, tərbiyələrində mənfi nə varsa, hamısını KXCP əleyhinə deyirlər. Milli Şura gündəmin məsələsi deyil. İndi Milli Şurada üzvlükdür də, qalıb, nə olsun ki?"

Belə görünür ki, KXCP sədri sessiyada baş verə biləcək prosesləri artıq müəyyən edib. Bu səbəbdən də açıq deyir ki, formal olaraq şurada qalır. Əgər qarşı tərəf istəmirsə, onu qurumdan çıxara bilərlər...

Mirəlioğlundan əvvəl Xəzər Teyyublu gedəcək

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə deyir ki, əslində, KXCP şurada təmsil olunan ciddi partiyalardan biridir: "Əgər Mirmahmud bəy Milli Şuradan gedirsə, demək, ondan əvvəl Xəzər Teyyublu və digər partiya üzvləri gedir. Yəni KXCP sədrinin ətrafında olan və şurada təmsil olunan hər kəs gedir. Ancaq nəzərə almaq lazımdır ki, gedənlər də, gələnlər də var. Milli Şuradan getmək və ya bu quruma gəlmək məsələsi ilk dövrdə olduğu kimi, daha sensasiya yaratmır. Əsas Milli Şurada fəaliyyət göstərən şəxslərdir və onlar burada qalmaqda davam edirlər".

Fraksiyaçılar Milli Şurada qalacaq

Rafiq Manaflı qeyd edib ki, KXCP üzvləri Milli Şuranı tərk etsə də, bu partiyanın daxilində yaradılan Demokratik Birlik Fraksiyası Milli Şurada fəaliyyətini davam etdirəcək: "Onlar tam tərkibdə qalacaqlar. Məndə olan informasiya belədir ki, onların Milli Şuranı dəyişmək niyyəti yoxdur".

Milli Şura üzvü hesab edir ki, KXCP sədri və digər partiyaların hökumətlə dialoqa getməsini satqınlıq adlandırılması ilə razı deyil: "Bu, bizim bəlamızıdır. Bir-birimizi ittiham edirik. Əlbəttə, dialoqu nəticəli hesab etmirəm. Danışıqların kim arasında getməsi, hansı məsələlərin müzakirəsi, nəticənin necə olması bilinməlidir. Mən bunu effektiv hesab etmirəm. Ancaq kimsə bu danışıqları əhəmiyyətli, ölkənin gələcəyi baxımından nəticəli hesab edirsə və bu siyasəti aparırsa, bu da onun xəttidir. Mən onlara hörmətlə yanaşır və sərt şəkildə tənqid edilməsini doğru saymıram. Baxın, əvvəl hamı bir qurumda təmsil olunur, bir-birinə mətin insan, mübariz siyasətçi deyirlər. Sonra ayrılırlar. Dünən bir-birinə mətin insan deyənlər, bu gün asanlıqla biri digərini xain və satqın adlandırır. Bu, müxalifətin ümumi bəlasıdır. Odur ki, məsələlərə belə yanaşılmanı doğru hesab eləmirəm. Mirmahmud Mirəlioğlu bir vaxt mandatından imtina edib, fəaliyyəti göz önündə olub. İndi çıxış yolunu dialoqda görürsə, bu o demək deyil ki, satılıb".

CAVİDAN


Müəllif: