Bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı Cenevrə şəhərində “Kasetli silahlara dair Hesabat 2015” (Cluster Munition Monitor 2015) təqdim edib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Teleqraf.com-a bildirib ki, BMT–nin “Kasetli Silahlara dair Konvensiya”sı 3 dekabr 2008-ci ildə Oslo şəhərində imzalanıb. Hazırda dünya ölkələrindən 117 ölkə bu konvensiyanı imzalayıb ki, onlardan da 95-i ratifikasiya prosesini başa çatdırıb.
Hesabat dövründə 12 ölkədə və beynəlxalq birlik tərəfindən tanınmamış 3 ərazidə bu silahların qurbanları qeydə alınıb ki, onların da uşaqlar və qadınlar da daxil olmaqla 92 faizi mülki şəxslərdir.
Ən azı 25 ölkənin bu silahların təsirinə məruz qaldığı təsdiqlənib, hesabat dövründə 74 kvadrat kilometr ərazi təmizlənmişdir ki, bunun da nəticəsində 69000 sursat məhv edilib. 2010-2014-cü illər ərzində 255 kvadrat kilometr ərazi təmizlənib ki, bunun da nəticəsində 295000 sursat məhv olunub. Konvensiyaya üzv dövlətlər tərəfindən ehtiyatlarında olan 1,3 milyon kasetli silah məhv edilib ki, bunlar da özündə 160 milyon sub-sursatı əhatə edir.
Bu Konvensiya üzrə ilk icmal konfrans 7-11 Sentyabr 2015-ci il tarixlərində Dubrovnik (Xorvatiya) şəhərində keçiriləcək. Burada daha çox ölkələrdən bu konvensiyaya qoşulmaq və bundan irəli gələn məsələləri daha tez zamanda yerinə yetirmək üçün danışıqlar aparılacaq. Bundan başqa beynəlxalq ictimaiyyət hesabat dövründə kasetli silahlardan istifadə etmiş Liviya, Sudan, Ukraina və Yəməndən tələb edir ki, bir daha bu silahlardan istifadə olunmasın.
Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir. Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bu səbəbdən də ərazilər partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Bundan başqa keçmiş hərbi poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Hazırda Azərbaycanda bir neçə belə ərazi mövcuddur. Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali ücün olduqca təhlükəlidir.
Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir, ancaq ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də, Ermənistan bu konvensiyaya qoşulmayıb. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda mina təmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.
BƏXTİYAR