16 Mart 2016 12:17
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Türkiyəyə səfər etməsini və ümumiyyətlə, bu iclasın keçirilməsini çox yüksək qiymətləndirirəm. Bilirsiniz ki, bu səfər Türkiyəyə hücumlar, Türkiyəyə qarşı çirkin terror aktlarının törədildiyi günlərdə həyata keçirilib. Bu mənada sözügedən səfər və iclasın keçirilməsi ilə Azərbaycan yenə də öz qardaşlığını, Türkiyə ilə yaxınlığını, “bir millət, iki dövlət” düsturu ilə yaşadığını bütün dünyaya nümayiş etdirdi”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

A.Mollazadə qeyd edib ki, bu, Türkiyə və Azərbaycanın konkret layihələr həyata keçirməsi ilə yanaşı iki ölkənin xüsusi münasibətlərinin olmasının dünyaya mesajı idi: “Eyni zamanda bu ağır günlərdə səfərin müəyyən qədər emosional mənası da var idi. Zənnimcə, həm Türkiyədə, həm də Azərbaycanın özündə bu səfər çox yüksək qəbul olunur. Yəni, qardaşlar ağır günlərdə bir olmalı, hər bir sahədə bir-birlərinə dəstək verməlidirlər”.

Müsahibimiz bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, iki ölkə böyük bir region üçün çox zəruri layihələr həyata keçirirlər: “Bura enerji, nəqliyyat, ticarət layihələri daxildir. Bu layihələr qitələri birləşdirən böyük layihələrdir. Azərbaycanla Türkiyə sistemli şəkildə çox mühüm işlər görürlər. Bunlar Bakı-Tbilisi-Ceyhan layihəsindən başlamış bu gün artıq beynəlxalq nəqliyyat, ticarət və qaz layihələrini əhatə edir. Eyni zamanda bu layihələrlə yanaşı humanitar sahədə də iki ölkənin münasibətləri inkişaf edir. Azərbaycanın multikulturalizmlə bağlı olan təşəbbüsləri də Türkiyə tərəfindən dəstəklənir. Mən əminəm ki, Azərbaycanla Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atmaqda davam edəcək. Eyni zamanda Azərbaycanla Türkiyə bölgəmizin təhlükəsizliyini təmin etmək üçün də çox böyük potensiala malikdirlər”.

A.Mollazadə, həmçinin qeyd edib ki, iki ölkənin münasibətlərini hazırda ən yüksək səviyyədədir və digər addımların atılması ilə münasibətlərin hazırkı səviyyəsi daha da inkişaf etdiriləcək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər