"Azərbaycan Prezidentinin İranla bağlı siyasəti heç zaman tənqid edilməyib. Azərbaycanın İranla bağlı siyasəti ancaq xeyirxahlığa yönəlib. Azərbaycan Prezidenti xaricdə olarkən İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsini qaldırıb". Məlumata görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransda deyib.
Mərkəz sədrinin sözlərinə görə, Azərbaycan İrana tətbiq edilən sanksiyaların işləmədiyi dövlətdir: "Həmişə Azərbaycan Prezidenti İrana doğru yaxşı addımlar atıb. Azərbaycan Prezidentinə İsrailə səfərlə bağlı dəvətlər edilib. Lakin bu zaman Azərbaycan İranla münasibətləri nəzərə alıb. Azərbaycan Astara dəmiryolu körpüsünün İran tərəfini maliyyələşdirir. İranla bağlı nə məsələ olsa, biz öndə olmuşuq. İranda zəlzələ olanda Azərbaycan ona yardım edib".
Politoloq deyib ki, İranla Ermənistan eyni dinin, mədəniyyətin daşıyıcısıdır: "Quranın ayələrində yəhudilərlə xristianlar bərabər tutulur. İran Quran ayəsini tanımır. İran deyir ki, yəhudilər Fələstini işğal edibsə, işğalçıdır. Amma İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bu cür qiymətləndirmir. Ermənistan şiələri İŞİD-lə bir tutur. İran bunun əvəzində nə edir, Ermənistanı mükafatlandırır. İranın prezidenti deyir ki, yaxın zamanlarda Ermənistana gedəcəm. Nədir, orucluğa hazırlıqdır bu?".
M.Əhmədoğlu əlavə edib ki, İran-Azərbaycan-Rusiya əməkdaşlığının müəllifi Azərbaycan Prezidentidir: "Azərbaycan 3 dövlətin əməkdaşlığını təklif etdi ki, neqativ ssenarilərə yer qalmasın. İran sübut etsin ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ABŞ-ın mövqeyindən fərqlənir. Bizim əlimizdə kifayət qədər imkanlar var. İran Azərbaycanla münasibətlərinə ciddi baxış keçirməlidir".