“Avro-2016”nın doqquzuncu oyun günü “F” qrupu çərçivəsində Portuqaliya-Avstriya qarşılaşması ilə yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçirilən oyun Portuqaliyanın güclü hücumları ilə başlayıb. Kriştiano Ronaldonun komandası real qol vəziyyətləri yaratsa da, bu imkanlardan yararlana bilməyib.
Oyunun 79-cu dəqiqəsində Avstriyanın qapısına penalti zərbəsi təyin olunub. Avropanın ən yaxşı hücumçularından biri olan Kriştiano Ronaldo bu fürsəti də əldən verib. Onun zərbəsi qapı dirəyinə dəyib. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb və Avstriya ilk xalını qazanıb.
Qrupda 1/16 finala hansı komandaların yüksələcəyi son turda bəlli olacaq. Hazırda turnir cədvəlinə 4 xalla Macarıstan millisi başçılıq edir. Portuqaliya və İslandiyanın 2 xalı, Avstriyanın isə 1 xalı var. İyunun 22-də Portuqaliya Macarıstanla, İslandiya isə Avstriya ilə qarşılaşacaq.