Bu gün mətbuatda Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət millisinin baş məşqçisi Nazim Süleymanovun istefaya göndərilməsi haqda xəbər yayılıb (futbol11.az). Süleymanovun istefasının səbəbi kimi isə U-19-un uğursuz çıxış etməsi göstərilib.
Məşqçi Komanda.az-a açıqlamasında millidən ayrılmadığını, AFFA rəhbərliyi ilə görüşü gözlədiyini bildirdi: “Milli komandadan ayrılmamışam. Hələ ki, rəhbərliklə görüşümüz olmayıb. Yəqin əsas millinin Şimali İrlandiya ilə oyunundan sonra görüş olacaq. Mən öz hesabatımı hazırlayıb AFFA Məşqçilər Şurasına təqdim etmişəm. Onlar da bunu rəhbərliyə təqdim edəcəklər. Ondan sonra yəqin ki, oturub rəhbərliklə danışacağıq, komandada qalıb-qalmamaq məsələsi də aydınlaşacaq. Milli komandada işləmək mənim üçün qürur və şərəfdi”.