Henrix Mxitaryan “Arsenal”ın əsas heyət oyunçusu deyil, ona görə də o, Bakıda “Çelsi”yə qarşı keçirilən Avropa Liqasının finalına getsəydi, ehtiyatda qalacaqdı.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Moskva-Baku”ya müsahibəsində Rusiya yığmasının sabiq kapitanı, Əməkdar idman ustası, “Arsenal”ın keçmiş oyunçusu Andrey Arşavin deyib.
“Mxitaryanın olmaması? Henrix “Arsenal”ın əsas heyət futbolçusu deyil, ona görə də o, çox güman ki, hətta ora getsəydi, ehtiyatda qalacaqdı. Onun yoxluğu nəticəyə heç cür təsir göstərə bilməz”, - o deyib.
Bakıda keçirilən final barədə danışarkən Arşavin bildirib ki, gərgin oyun gözləyirdi və “Arsenal”a üstünlük verirdi. “Çelsi”nin qələbəsi futbolçu üçün gözlənilməz olub.
Arşavin Bakıdakı matçın təşkili ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunub:
“Mən dəqiq deyə bilərəm: Bakı öz tapşırığının öhdəsindən yaxşı gəldi, bu, gözəl vaxt keçirmək üçün möhtəşəm şəhərdir. Burada çoxlu parklar, fontanlar var, İçərişəhəri gəzmək maraqlıdır. Xəzər... Hər şey matç üçün gələn turistlər, azarkeşlər üçün yaradılıb.
Və hər şey yüksək səviyyədə idi. Təşkilatçılıq da həmçinin! Stadiona getmək, qayıtmaq – təşkilatçılıq planları, mən əminəm ki, heç kim bundan narazı qala bilməz”.