Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də millimizin qonağı olacaq Macarıstan seçməsi bu gün Bakıya yola düşüb.
Teleqraf.com xəbər verir ki, yığmanın baş məşqçisi Marko Rossi səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb. İtaliyalı mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib:
"Mövsüm yenicə başa çatsa da, futbolçularda yorğunluq yox, əksinə, daha çox motivasiya hiss etdim. Görünür, hamı qarşıdakı iki oyunda qələbə qazanmaq istəyir".
Azərbaycan və Uelslə oyunlara ciddi yanaşmalı olduqlarını söyləyən Rossi Bakıda qələbə qazanmaq istədiklərini gizlətməyib:
"Futbolçular bilirlər ki, konsentrasiya tam olmasa, istənilən rəqibə uduza bilərik. Necə ki, daha əvvəl Estoniya ilə matçda belə hal yaşanmışdı. Özünəinamı saxlamaq üçün Bakıda 3 xal uğrunda mübarizə aparmaq məcburiyyətindəyik".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.