23 İyun 2019 01:55
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə atletlər idmanın 11 növü üzrə – basketbol 3x3, akrobatika gimnastikası, oxatma, boks, şose velosipedi, cüdo, bədii gimnastika, sambo, tüfəngdən və tapançadan atəşaçma, stend atıcılığı və masaüstü tennis yarışlarında mübarizə aparıblar. İdmanın yeddi növündə 24 dəst medalın sahibləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Oyunların ikinci günündə Azərbaycan idmançıları boks, cüdo, sambo, akrobatika gimnastikası, tapançadan atəşaçma və stend atıcılığı yarışlarında mübarizəyə qoşulublar.

“Minsk 2019”da Azərbaycan milli komandasının aktivinə ilk medalı akrobatika gimnastlarımız yazdırıblar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.

İkinci Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Samboçularımız günü iki bürünc medalla başa vurublar. Bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar. Mehman Xəlilov dörddəbir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan bürünc medal uğrunda görüşdə iştirakına imkanı yaradıb. O, bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Dörddəbir finalda rumıniyalı Laslo Jolt-Sokeyə qalib gələn E.Həsənov isə yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub olub. Samboçumuz bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

Digər samboçularımızdan Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) dörddəbir finalda uduzublar. Hər iki samboçumuz təsəlliverici görüşlərdə medal şansı uğrunda yarışsalar da, uduzaraq mübarizəni dayandırıblar. Yığma komandamızın digər üzvləri - Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq) və Abdulla Abdullayev (74 kq) iyunun 23-də mübarizəyə qoşulacaqlar.

“Minsk 2019”un ikinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparıb. Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu, səkkizdəbir finalda belçikalı Çarlin Van Sniki məğlub etsə də, növbəti mərhələdə polşalı Aqata Perensə uduzub. Cüdoçumuz təsəlliverici döyüşdə də ümidləri doğrulda bilməyib. O, bürünc medal uğrunda mübarizədə italiyalı Odette Qluffridaya məğlub olub.

Cüdo yığmamızın digər altı üzvü Aişə Qurbanlı (48 kq), Larisa-Aleksandra Florian (52 kq), İçinxorloo Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə (66 kq) də yarışın birinci günündə uduzaraq mübarizəni dayandırıblar.

Boks yarışlarında onaltıdabir final mərhələsindən mübarizəyə qoşuna dörd idmançımızın hamısı ilk görüşdə qələbə qazanıb. Cavid Çələbiyev (60 kq) Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç, Lorenzo Sotomayor (69 kq) ermənistanlı Qurqen Madoyan, Kamran Şahsuvarlı (75 kq) gürcüstanlı Giorgi Harabadze, Loren Alfonso Dominqes (81 kq) isə ukraynalı Stepan Hrekulu məğlub edərək səkkizdəbir finala yüksəliblər. Xatırladaq ki, Oyunların birinci günündə boksçularımızdan Tayfur Əliyev (56 kq) səkkizdəbir finala vəsiqə qazanıb.

“Minsk 2019”da 10 metr məsafəyə tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışının təsnifat mərhələsində Nigar Rəsulova – Ruslan Lunyov dueti 566 xalla 19-cu olub. Kişilər arasında stend atıcılığı yarışında isə Əli Hüseynli 68 xalla 20-ci olub. Bu nəticə təmsilçilərimizin final mərhələsinə adlamalarına kifayət etməyib.

Beləliklə, Oyunların ikinci günündə Azərbaycan idmançıları dörd – 1 gümüş, üç bürünc medal qazanıblar. Komandamız medal sayına görə 10-cu pillədə qərarlaşıb. Ümumilikdə 20 ölkənin idmançıları medal qazanıblar. İlk üç pillədə Rusiya (9-5-4), Belarus (4-2-8) və Gürcüstan (3-3-4) qərarlaşıblar.

“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər