25 Fevral 2021 21:13
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, eyni günə təsadüf edən turun üç görüşü Bakıda, biri isə Qəbələdə baş tutub.

Bütün matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Günün ilk matçında turnir cədvəlindəki qonşular “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəlib. Bir qolla qalib gələn meydan sahibləri rəqibi ilə xal fərqini 2-yə endirib.

Autsayderlərin duelində də turnir cədvəlindəki qonşular görüşüb. “Sabah”la “Keşlə”nin duelində komandalar hərəyə 1 qol vurmaqla 1 xal qazanıb.

Çempionatın lideri “Neftçi” yenə “Zirə” ilə qarşılaşmada büdrəyib. Cari mövsüm 5-ci dəfə rəqibinin qapısına qol vura bilməyən “ağ-qaralar” səfərdən 0:1 hesablı məğlubiyyətlə dönsə də, mövqeyini qoruyub.

Son çempion “Qarabağ” “Səbail”i qonaq edib. Ağdam təmsilçisinin futbolçuları meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün xüsusi formalarda çıxıblar. Formanın kürəyində “#JusticeforKhojaly” (Xocalıya ədalət), qolunda isə “613” rəqəmi (Xocalı soyqırımı qurbanlarının sayı) yazılıb. Xal itirən “Neftçi”yə çatmaq üçün qalib gəlməli olan Qurban Qurbanovun yetirmələri yalnız ikinci hissədə qonaqların müqavimətini qıra biliblər.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər