"Bu oyuna həqiqətən çox böyük maraq var".
Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, qışdan sonra Azərbaycanda belə oyun keçirilməyib: "Bizim azarkeşlər də çox istəklidir. Bizə inandıqlarına görə onlara təşəkkür edirik. Rəqibin yaxşı baş məşqçisi və futbolçuları var. Onların oyunlarını analiz etmişik. Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq".
Qurbanov Fransadakı ilk matça nəzərən daha yaxşı oynamaq istədiklərini bildirib: "İnanıram ki, futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bunu onlardan tələb edəcəyəm. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Baş məşqçinin fikrincə, "Marsel"in Bakı səfəri öncəsi Liqa 1-də "Klermon"a evdə 0:2 hesabı ilə uduzması "Qarabağ"ın əleyhinə işləyə bilər: "Rəqib çempionat oyununda uduzub. Ona görə də istər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram".
Son vaxtlar komandaya bir qədər fərqli yanaşdıqlarını deyən təcrübəli mütəxəssisin sözlərinə görə, daha irəli getmək və uğurlar əldə etmək üçün əsas yol yaradıcı və hücum futbolu sərgiləməkdir:
"Bunu həddindən artıq tətbiq etməyə başlamışıq. Futbolçularda özünə inam olmalı və psixologiya dəyişməlidir. Hər matçda qol vurmaq üçün meydana çıxırıq. Bu, çox asan deyil, bizim və Azərbaycan futbolu üçün ən çətin yoldur. Amma qarşımıza məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq böyük risklər edəcək və güclü komandanın qarşısına çıxacağıq. Buna baxmayaraq, qol və qollar vurmaq üçün özümüzü hazırlayırıq. Hər halda mən çox istəyirəm ki, azarkeşlərin futbola inamı geri qayıtsın. Fanatlarımız futbolu çox sevir və komandanın uğur qazanmasını istəyirlər. Biz mübariz futbol sərgiləməliyik. Biz sabah meydana qol və qollar vurmaq, həmçinin qol buraxmamaq üçün çıxacağıq. Biz bu yolu tutub getmişik, qarşımızda "Marsel" yox, digər komanda da olsa idi, irəli getməyi hədəfləyəcəkdik".
Qurbanov ilk oyunda səhvləri ilə diqqət çəkən Luka Quqeşaşvinin müdafiəsinə qalxıb: "Futbolçuların səhvini açıq şəkildə müzakirə etməyi xoşlamıram. Quqeşaşvilinin üstün cəhəti onun soyuqqanlı olmasıdır. Texniki səhvlərdən heç kim sığortalanmayıb. Avropada da bunları görürük. Biz nadir hallarda belə oyunlara çıxdığımız üçün bu cür səhvlər qlobal problemə çevrilir. Onunla söhbətimiz olub. Futbolçu, idmançı inkişaf etmək istəyirsə, bütün turnirlərdə iştirak etməlidir. Lukanın potensialı var. Elə qurtarışları olub ki, alqışalayiqdir. Bu cür səhvləri daha çox məşq etməklə aradan qaldırmaq olar. Özü də ən yaxşısını, qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə belə səhvlər aradan qaldırılacaq".
Baş məşqçinin fikrincə, Quqeşaşvilinin avrokubok təcrübəsinə ehtiyacı var: "Onun üzərinə çox getmədim. İlk matçdan əvvəl də söhbətimiz olmuşdu. Hamımız uğurlu nəticə əldə etməyi çox istəyirik. Qapıçı səhv edəndə isə onun üzərində müzakirələr çox gedir. Bəzən rəqiblərin də belə səhvləri olub və biz yararlanmışıq. Bu qapıçıya inanır və güvənirəm. O da qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, səhvlər aradan qaldırılacaq. Bütün dünya futbolundan qapıçıların səhvi daha çox müzakirə edilir".
O, hücumameylli oyuna üstünlük vermələrinin səbəbini soruşan fransalı jurnalistə belə cavab verib: "Biz təkcə bu matçda yox, bütün qarşılaşmalarda hücumda oynamaq və yaradıcı oynamaq istəyirik. Müdafiədə oturmaq istəmirik. Güclü rəqibə qarşı müdafiədə oturmayanda futbolçular daha inamlı olurlar. Bizə qollar vurmaq lazımdır. Fransadakı son oyunlarda bəzi komandalar müdafiədən oynayaraq "Marsel"ə qalib gəliblər. Amma mən tək bu günü düşünmürəm. Gələcək də daha güclü və daha yaxşı komanda olmağı hədəfləmişik".
Qurbanov Bakıdak matçlarla avrokubok görüşlərinin sürətində çoxlu fərqin olduğunu diqqətə çatdırıb. Onun fikrincə, belə komandalara qol vurmaq asan deyil: "Onların müdafiəçilərinin epizoda daha tez müdaxilə etmələri bizim hücumçulara mane olur. Həmişə qapıçıların da oyununu qiymətləndirirəm. Bəzən bu səviyyədə futbolçular daha tez düşünməlidir. Qolların sayını çoxaltmaq üçün oyunçular daha dinamik görüşlər keçirməlidirlər".
Baş məşqçi ilk matçı zədə səbəbindən buraxan Abbas Hüseynovun hazırkı durumundan da danışıb: "Bir neçə mövqe var ki, tam qərar verməmişəm. Abbas Hüseynov qışdan sonra koronavirusa yoluxmuşdu və komandaya gec qoşulmuşdu. Hazırda durumu pis deyil. Heyətdə çox dəyişiklik etməyi xoşlamıram. Bir-iki dəyişiklik edə bilərəm. Fransadakı çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Həmişə oyunçulara güvənirəm. Onlar hansı komandada çıxış etdiklərini dərk edirlər".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.