3 May 2022 09:27
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Teleqraf.com bildirir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də "dənizçilər" qələbə qazanıb. Topların nisbəti bərabərdir - 20:20. “Şamaxı” Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.

Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. “Sabah” indiyədək qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may

16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com