10 İyun 2022 16:15
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, "Red Bull"un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

15:11

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Teleqraf.com xəbər verir ki, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar.

Test yürüşünün təxminən saat 16:00-da başa çatacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

09:38

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi bu gün start götürüb.

Teleqraf.com xəbər verir ki, Formula 1 bolidləri bu gün Bakı trekində 2 məşq sessiyası keçirəcək. Sabah isə F1 pilotlarının kvalifikasiya sessiyası keçiriləcək.

Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.

Yarışlarda 10 komanda iştirak edir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

08:00

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, "Formula 1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək.

Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş. "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.

Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə "Formula 2" pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.

Ardınca əsas yarış hesab olun "Formula 1"də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, "Formula 1"in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.

"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.

Azərbaycan Qran-prisi

10 iyun

10:00. Azarkeş zonasının qapıları açılır

"Formula-2"
12:35 - 13:20. Sərbəst yürüş

"Formula-1"
15:00 - 16:00. I sərbəst yürüş

"Formula-2"
16:30 - 17:00. Sıralama turu

"Formula-1"
18:00 - 19:00. İkinci sərbəst yürüş

21:00. Azarkeş zonasının qapıları bağlanır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.


Müəllif: Teleqraf.com