29 Noyabr 2022 10:19
6 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildə futbol üzrə dünya çempionatında Amerika ilə İran qrup oyunları çərçivəsində üz-üzə gəlir. Həmin oyunda Amerikanın İrana uduzması hələ də ölkə tarixinin ən biabırçı məğlubiyyətlərindən biri hesab edilir.

1980-ci ilin aprelindən hər iki ölkə bütün diplomatik əlaqələri kəsib. Beynəlxalq turnirlərdə qarşılaşmasalar da, dünya çempionatı qarşılaşmaları istisna olaraq qalır.

Püşkə əsasən bu il Qətərdə keçirilən dünya çempionatında ABŞ və İran yenidən eyni qrupa düşdü (A qrupu: ABŞ, İngiltərə, İran, Uels). 29 noyabr Dohada oynanılacaq matç bu komandaların ikinci qarşılaşması olacaq. Artıq qrupda hər iki komanda 2 oyun keçirib. Bu oyuna qədər İranın 3, Amerikanın isə 2 xalı var. Amerikalılar növbəti mərhələyə adlamaq üçün rəqiblərini mütləq məğlub etməlidir. Digər cəbhədə isə vəziyyət daha stabildir. Asiya təmsilçiləri minimum heç-heçə edib, İngiltərənin uduzmaması halında ən güclü 16 komanda arasına adlarını yazdıracaqlar.

ABŞ revanş almaq istəyir

Bu komandalar ən son 1998-ci il dünya çempionatının F qrupu çərçivəsində keçirilən, sonralar "bütün oyunların anası" adlandırılacaq matçda üz-üzə gəlmişdilər və oyun 2-1 hesabı ilə İranın qələbəsi ilə yekunlaşmışdı.

Həmin il ABŞ-ın siyasətdən uzaq bir strategiya sərgiləməsi və sırf futbola fokslanması bəlkə də məğlubiyyətin əsas səbəblərindən biri idi.

1998-cil ABŞ-ın baş məşqçisi olmuş Stiv Sempson bu yaxınlarda mətbuata verdiyi açıqlamada 24 əvvəlki məğlubiyyəti faciə olaraq qəbul etdiyini vurğulayıb:

"FİFA, Amerika Futbol Federasiyası və dünya çempionatının təşkilatçıları məndən bu oyunu siyasətlə əlaqələndirməməyi və sadəcə futbola köklənməyi tələb etdi. Mən də buna əməl etdim. İndi geriyə dönüb baxan zaman düşünürəm ki, kaş onlara qulaq asmayıb siyasəti də işin içinə qatardım. Məşqçinin işi komandanı oyuna hazırlamaqdı və bunun üçün əlində olan bütün imkanlardan istifadə etməlidir".

Sempson o vaxtlar bütün protokol və tapşırıqlara əməl edən gənc məşqçi olduğu da etiraf edir:

"Bir çox amerikalı İran rejimi tərəfindən şiddətlərə məruz qalmışdı. Onlar üçün oynayıb qələbə qazanmalı idik".

Qeyd edək ki, həmin ABŞ-ın mundialda qrupu sonuncu bitirməsinin ardından Stiv Sempson istefaya göndərilir.

Oyuna gəlincə, siyasi krizdən əlavə matç ərəfəsində hər iki komanda arasında gərginlik pik həddə çatmışdı. Qarşılaşmadan 1 həftə öncə Fransa televiziyası İranda insanların ağır həyat şəraitlərindən bəhs edən "Qızım olmadan heç vaxt" adlı Amerika istehsalı filmi nümayiş etdirdi. İran səfirliyi buna etiraz olaraq verdiyi bəyanatda turnirdən ayrılmaq istədiklərini bildirdi. İranının dini lideri Ayətullah Xameyni isə amerikalı futbolçuların əlini sıxmaq istəmədiklərini, əks təqdirdə isə matça çıxmayacaqlarını söylədi. Lakin oyunun isveçrəli hakimi Urs Mayerın təklifi ilə komandalar əllə görüşmək yerində meydanın mərkəzində kollektiv şəkil çəkdirdi. İranlılar amerikalılara sülhün simvolu olan ağ qızılgüllər verdi.

Lakin asiyalılar oyuna siyasəti də qataraq daha ciddi hazırlaşmışdılar. Komandanın müdafiəçisi Məhəmməd Xakpur sonralar mətbuata verdiyi açıqlamada 1980-1988-ci illərdə həlak olmuş şəxslərin ailələrinin futbolçulara məktublar yazdığını, oyunun onlar üçün nə dərəcədə əhəmiyyətli oluğunu söylədiklərini, ona görə də qarışlaşmaya ciddi hazırlaşdıqlarını bildirdi. Hücumçu Xudadad Əzizi isə oyundan öncə "şəhid ailələri bizdən qələbə gözləyir" deyərək komanda yoldaşlarına qalib gəlmələri üçün yalvarmışdı.

İran mediyası da oyun ərəfəsində öz təbliğatını gücləndirmişdi. "Jomhori-e Eslami" jurnalında gedən başlıqlardan biri bu şəkildə idi: "Amerika hələ də İran xalqının bir nömrəli düşmənidir".

21 iyun, 1998

Lionun "Jerlan" stadionda oynanılan matç ABŞ-ın üstünlüyü ilə başladı. İlk dəqiqələrdən bir neçə zərbələri dirəkdən döndü. Lakin daha təcrübəli olan asiyalılar 40-cı dəqiqədə Həmid Reza Estilinin baş zərbəsi ilə hesabı açdı. 84-cü dəqiqədə Mehdi Mehdavikiya komandasının ikinci qolunu vurdu. 87-ci dəqiqədə Briyan MakBrid hesab arasındakı fərqi azaltsa da, qalan dəqiqələrdə başqa qol olmadı və İran özləri üçün tarixi sayıla biləcək qələbə qazandı.

İranın baş məşqçi Cəlal Talibi oyunun fasiləsində İran hökümət nümayəndələrinin futbolçuların pasportlarını yığdığını və qalib gəlməyəcəkləri halda İrana qayıtmayacaqları söyləmişdi.

"Nyu-Yok Tayms"da oyundan sonra sərt yazılar çıxmışdı:

"Tehranda minlərlə azarkeş küçələrə axışıb qələbəni qeyd edir, bəzi qadınlar baş örtülərini taxmağı unudub".

Ayətullah Xomeyni isə qələbədən sonra hədsiz dərəcədə sevinmişdi:

"Bu qələbə İran xalqına "Böyük şeytan"la mübarizədə zəfər və şərəf qazandırdı".

29 noyabr, 2022

Dohanın "Əl-Tumama" stadionda oynanılacaq qarşılaşma öncəsində Şimali Amerikalıların təcrübəli müdafiəçisi Uolker Zimmerman mütləq qələbə qazanmalı olduqlarını söyləyib. Lakin oyunçu üzərilərində hər hansı təzyiqin olmaldığını da vurğulayıb:

"Hədəfimiz bəllidir, dünya kubokunu qazanmaq istəyirik. Bunun üçün isə ilk olaraq qrup mərhələsini adlamalıyıq. Digər qruplara da baxsaq görərik ki, onların da bu cür önəmli oyunları olacaq. Qalib gəlib yolumuza davam etmək istəyirik".

Zimmermanın komanda yoldaşı Tim Rim isə bir qədər ehtiyatlı açıqlama verib:

"Rəqibin ön xətdə istedadlı oyunçuları var. Ona görə də diqqətli olmalı və səhv etməməliyik. Hər şey öz əlimizdədir. Onların müdafiədə və əks-hücumlarda necə oynadıqlarını analiz etmişik"

Matçdan öncə keçirilən mətbuat konfransında iranlı jurnalistlər ABŞ millisinin baş məşqçisi Qreq Belhalteri siyasi sual atəşinə tutsa da, 49 yaşlı mütəxəssis bu suallara cavab verməkdən imtina edib:

"Mən məşqçiyəm, siyasətçi deyiləm, futbol barədə verilən suallara məmnuniyyətlə cavab verərəm, lakin bu tip sualların mənə verilməsi düzgün deyil".

Belhalter 24 il əvvəlki oyunu hələ də unutmadığın vurğulayıb:

"O oyun hələ də beynimdədi, hələ də başımın içini "yandırır". Lionda keçirilən oyunda qalib gəlməyi istəyən və bunun üçün vuruşan bir komanda var idi və qalib gəldilər. Ümid edirəm bu dəfə eyni ssenarini biz təkrarlayarıq. İranın hansı tipdə oynadığını və təhlükəli tərəflərini yaxşı bilirik. Əks-hücumda bizə çətinlik yarda bilərlər ona görə də diqqətli olmalıyıq".

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər