Suya tullanma üzrə Olimpiya mükafatçıları Aleksey Priqorov və Anton Zaxarov Ukrayna yığmasından çıxmaqla bağlı ərizə yazıblar.
2008-ci il Pekin Olimpiya Oyunlarının tramplindən sinxron tullanma üzrə bürünc mükafatçısı Aleksey Priqorov Ukrayna vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişib. Bu barədə yığmanın baş məşqçisi Tamara Tokmaçova bildirib.
O deyib: “Priqorov Ukrayna yığma komandasından çıxmaq haqqında ərizə yazıb və Azərbaycana köçməyə hazırlaşır. İdman karyerasının tamamlanmasını bundan daha əvvəl elan etmiş Anton Zaxarov kimi”.
T.Tokmaçova hələ payızın əvvəlində Azərbaycan Su İdmanı Federasiyasından müvafiq məktub aldıqlarını deyib: “I Avropa Oyunlarına hazırlıq zamanı bu ölkədə bütöv akvatoriya tikilib. Odur ki, hazırda Bakının bazalarla bağlı problemi yoxdur. Düşünürəm ki, Priqorov və Zaxarov Bəxtiyar Ağaxanovun rəhbərliyi altında məşq edəcəklər. Ən azından, bizim mütəxəssislərimizi Azərbaycana dəvət etməyiblər”.
Onun sözlərinə görə, mənəvi aspektdən yanaşdıqda, bir tərəfdən, belə məqamda ölkəni atmaq qeyri-vətənpərvər hərəkətdir: “Digər tərəfdən isə, bizim hazırda çoxlu sayda problemlərimiz var, biz sadəcə olaraq, onların barəsində danışmırıq, özümüz öhdəsindən gəlməyə çalışırıq. Ukraynanın Suya Tullanma üzrə Federasiyasının prezidenti İqor Lısov antiterror əməliyyatları zonasındakı heç bir idmançıya köməkdən imtina etməyib. Kiyevdə yaşamaq üçün yer və məşq etmək imkanı verib”.
Son vaxtlar idmanın digər növlərinin çoxlu sayda nümayəndəsinin Ukraynanı tərk etdiyini deyən baş məşqçi bildirib: “Qorxuram ki, bu, sonuncu olmasın. 2013-cü il Avropa çempionatının mükafatçısı Dmitri Mejenski zədə üzündən mövsümü buraxdı, indi də ölkəni tərk etməyə hazırlaşır. Hara gedəcəyini isə hələlik gizli saxlayır”./trend/