AAAF Parkın “Məhşurlar AAAF Parkda” layihəsinin budəfəki qonağı kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev oldu.
Onunla bir çox mövzular haqda danışdıq:
- Xoş gördük, Pərviz. Səni yeni layihəmizdə görmək çox xoşdur. Bütün qonaqlarımıza verdiyimiz sualı sənə də ünvanlamaq istəyirəm. AAAF Parkı bəyəndinmi?
– Mən hər kəsi salamlayıram. AAAF Parkda ilk dəfədir oluram. Çox bəyəndim, çox gözəldir. (Bir qədər irəli gedərək qeyd edək ki, müsahibə bitən kimi qonağımız AAAF Parkı gəzmək istəyini dilə gətirdi. Yaşayış Kompleksimizdə ilk dəfə olan idmançı gördüklərinə heyran qaldı, desək, yanılmarıq. Pərviz Abdullayev buranı çox bəyəndiyini və tez-tez gələcəyini vurğuladı).
- AAAF Parkda idmançılara çox böyük dəyər verilir. Onlar üçün təlim-məşq yerləri, ağır atletika, fitness mərkəzləri var. Sən bir idmançı olaraq bu amili necə dəyərləndirirsən?
– Son zamanlar ümumiyyətlə Azərbaycanda idman obyektləri, komplekslərin salınması insanların idmana doğru getməsinə zəmin yaradır. Başda ölkə prezidenti cənab İllham Əliyev olmaqla, digər insanlar da idman sahəsində böyük xidmətlər göstərirlər. Bu da, əlbəttə ki, insan sağlamlığı üçün çox faydalıdır.
- Gənclərimizin idmana olan marağını necədir?
– Böyük idman tədbirləri olduğu zaman insanların marağı artır. “Mən də idmançı olacağam” deyirlər. Məsələn, özümü nəzərdə tuturam: Pərviz Abdullayev döyüşə çıxır, yarışı qazanır və buna görə 100 nəfər idmana gəlir. 100 nəfərin hamısının idmançı olmağı önəmli deyil, sadəcə, idmanla məşğul olmaları öz sağlamlıqlarına xeyirdir.
- Əldə etdiyin uğurlarla xeyli populyarlıq qazanmısan. Amma maraqlıdır ki, Pərviz Abdullayev necə oldu idmana gəldi?
– Mən öz istəyimlə idmana gəlmişəm. 12 yaşımdan idmana başlamışam. Lakin peşəkar olaraq 2007-ci ildən, artıq 7-8 ildir ki, məşğulam. 5 dəfə dünya çempionu olmuşam. Bunlardan biri həvəskarlar arasında dünya çempionatı, digər 4-ü isə peşəkarlararası dünya çempionatlarıdır. Peşəkar karyeramda 40 döyüş keçirmişəm, bunların 37-də qələbə qazanmışam, bunun da 11-i nokautla yekunlaşdırmışam.
- Ötən dəfə son döyüşlərinə baxdıq. Demək olar ki, hamısını da təmiz qələbə ilə bitirmisən…
– Son 3 döyüşümdə rəqibimi nokaut etmişəm. Karyeramın zirvəyə doğru getməsi artıq onun formada olması deməkdir. Son döyüşdə Qəbələdə çinli idmançını nokaut etdim. Belarusiyanın Minsk şəhərində Rəşid Belayini 1-ci raundun 40-cı saniyəsində gözəl texnika ilə nokaut etdim və 5-ci dünya kəmərimə sahib çıxdım. Kəməri qazanmaq asandır, onu qorumaq çox böyük əzmkarlıq tələb edir.
- Bizim üçün əsas rəqiblərdən biri də təbii ki, erməni idmançılardır. Bu, həm də şərəf məsələsidir. Sənin qarşılaşdığın rəqiblər sırasında erməni rəqiblərin olubmu və nəticələr necə olub?
– Erməni rəqib olmayıb, lakin dünya çempionatları olub ki, mən gəlib ermənini keçmişəm. Qarşıda – 2015-ci ilin fevral ayında erməni döyüşçü ilə döyüşümüz planlaşdırılır. Draqo ilə döyüşəcəkdik, Draqo döyüşü biraz – may ayına təxirə saldı. İndi digər 2 erməni idmançısı ilə də danışıqlar gedir. Onlardan biri razılıq verib. 3-4 günə dəqiqləşəcək. Mən özümə arxayınam. Bizim aramızda olan düşmənçilik münasibətləri və içimdə olan azəri ruhu mənə qalib gəlmək üçün yetərli olacaq. Burada döyüşdən də uca Azərbaycan bayrağı və şərəf amili çox böyük önəm daşıyır. İnanıram ki, bu döyüşdə də nokautla qələbə qazanacağam.
- Azərbayan idmançılarından kimdən bəhrələnmisiz?
– Mənim kumirim Mayk Taysondur. Yarışlarda öz şəxsi məşqçim Mehman Umudov, kikboksinq üzrə əməkdar məşqçi Zaur Məmmədovun rəhbərliyi altında öz məşqlərimi davam etdirirəm. Onu da qeyd edim ki, güclü idmançımız, 2 qat dünya çempionu, FHN-nin polkovniki Füzuli Musayevin məşqlərində iştirak edirəm. Özüm də FHN-nin əməkdaşıyam, 2 ilə yaxındır ki, orada çalışıram. “Qəbələ İdman Klubu”nu təmsil edirəm. Bu klub məni dəstəkləyir.
- Pərviz Abdullayev “Kobra” ləqəbi ilə daha çox məşhurdur. Necə oldu bu ləqəbi götürdünüz? Bir açıqlaması varmı?
– 2007-ci ildə telekanallarımızın birində “D8” layihəsi oldu. Orada idmançılar ləqəb götürdülər. Mən də “Kobra ” ləbəbi götürdüm və uğurlu oldu. Yəqin döyüşlərimi izləmisiniz. “Kobra” ləqəbini həm sürət, həm də gözlənilməz zərbələr, geri çəkilməməzlik kimi xüsusiyyətləri özümdə aşkarladığım üçün götürdüm.
- Ən yaddaqalan döyüşün hansıdır ki, heç zaman yadaşından silinmir?
– Ən yaddaqalan döyüşüm Youtube-də 2 milyondan çox baxış sayı olan türk idmançısı Aktay Gəmici ilə olan döyüşümdür. Yaddaqalan olmasına səbəb kimi, həm yarışa getdiyimiz zaman təyyarənin qəzaya uğraması, həm də idmançının özündən daha razı olması idi. Aktay Gəmicini bir döyüş ərzində 3 dəfə nokaut etdim. Bundan əlavə onu 1 raund ərzində 3 dəfə nokdaun vəziyyətinə saldım. Daha sonra Rusiyanın Rostov şəhərində, dünya kəməri uğrunda olan döyüşdə rus idmançısı, ikiqat dünya çempionu Vitali Sarokov ilə döyüşüm yaddaqalan oldu. Ona görə ki, o yerli idmançı idi. Hər kəs oraya ona görə gəlmişdi. Ermənilər çox idi. Amma mən qalib gələrək bütün azərbalcanlıların başını uca etdim.
- Filmlərdə, seriallarda döyüş səhnələri olan yerlərə dəvət almısamı?
– Təklif olunub, lakin Azərbaycanda istəmərəm. Xarici seriallar olsa gedərəm. Azərbaycanda serial çəkilişi yetərli səviyyədə deyil. Ümid edirəm ki, bir müddət sonra qonşu ölkə olan Türkiyədə çəkilən filmlər səviyyəsinə gəlib çatar.
- Çox sağ ol ki, gəldin. Sənə qarşıdakı yarışda uğurlar arzulayırıq.
– Mən də sizə və başda AAAF Park rəhbərliyinə minnətdarlığımı bildirirəm.