24 Noyabr 2023 18:12
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir baş məşqçinin başlanğıc və son nöqtəsi var. De Byaziyə də uğurlar arzu edirik. Baş məşqçini dəyişməklə böyük inkişafa nail olmaq çətindir. Baş məşqçiliyə namizədlər yerli də ola bilər, əcnəbi də. Millimizə kimin baş məşqçi gələcəyindən asılı olmayaraq dərhal böyük dəyişiklik olacağını gözləməyə dəyməz”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyev deyib.

Baş məşqçi seçimləri ilə bağlı işçi qrupu yaradıldığını deyən Şahin Diniyev çoxaylı namizədlər olacağını bildirib.

“Mən namizəd verə bilmərəm, bu mənim işim deyil. Yetəri qədər yerli, savadlı məşqçilərimiz var. Hansısa birinin adını çəkmək doğru olmaz, kim gələcəksə, dəstəkləyərik. Bizə strateji hədəf lazımdır. Vacib olan əsas amil budur. Məşqçinin dəyişməsi ilə vəziyyətin yaxşıya doğru tam dəyişəcəyinə dair mülahizələr doğru deyil”, - o qeyd edib.

Veteran futbolçu Yunis Hüseynov özü baş məşqçiliyə iddialıdır:

“Azərbaycanda PRO kateqoriyalı 34 məşqçi var. Onların hər biri milli komandaya baş məşqçi ola bilər. Yerli mütəxəssislərimizdən savadlı məşqçilərimizin sayı kifayət qədərdir. Amma buna AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək. Mən özüm də yaxşı baş məşqçi ola bilərəm. Düşünürəm ki, yerli mütəxəssis olsa daha yaxşı olar”.

Yunus Hüseynovun fikrincə, baş məşqçinin dəyişməsi milli komandamızda ümumi vəziyyətə yalnız müəyyən qədər təsir göstərəcək: “Əhval-ruhiyyə baxımından dəyişiklik olacaq. Yerli mütəxəssis yerli futbolçuları, onların psixologiyasını daha yaxşı başa düşəcək. Münasibət qurmaqda, oyuna hazırlamaqda asanlıq yaranacaq. Millidə olan futbolçuların sayı da azdır. Çox olsaydı, nə isə dəyişiklik etmək olardı. Buna görə də həddindən artıq dəyişiklik olacağına inanmıram”.

Milli komandasının keçmiş oyunçusu Vidadi Rzayev də hesab edir ki, kənardan məşqçi gətirməyə ehtiyac yoxdur: “Yerli məşqçilər əcnəbilərdən daha yaxşıdır. Yerli məşqçilərdən Qurban Qurbanovu tövsiyə edərdim. Amma sual yaranır ki, Qurban Qurbanov “Qarabağ” komandasını buraxıb gələrmi? Bu haqda heç nə deyə bilmərəm. Baş məşqçinin seçimi AFFA İcraiyyə Komitəsinin əsas vəzifəsidir”.

Qeyd edək ki, noyabrın 22-də Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. İtaliyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin iclasında müqaviləsinin uzadılmasını istəmədiyini bildirib.


Müəllif: Nigar Qəhrəmanlı

Oxşar xəbərlər