Türkiyənin “Fənərbaxça” futbol klubu portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə danışıqlar apardığını rəsmən təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Baş məşqçi postu üçün Joze Mario Dos Santos Mourinyo Felikslə danışıqlara başlanılıb”, - açıqlamada deyilir.
“Fənərbaxça”nın prezidenti Ali Koçla yanaşı, prezidentliyə namizəd Aziz Yıldırım da uzun müddətdir portuqaliyalını izləyirdi. Klubun Türkiyə liqasındakı son matçlarını izləyən Mourinyo heyətlə bağlı qeydlər aparıb. Təcrübəli məşqçinin əvvəllər “Fənərbaxça”da çıxış edən futbolçulardan klub və şəhər haqda məlumat aldığı da bəlli olub.
Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubudur. Mütəxəssis İtaliya komandası ilə 138 oyun keçirib, orta hesabla 1.70 xal qazanıb. Portuqaliyalı məşqçi “Roma” ilə ilk dəfə keçirilən UEFA Avropa Konfrans Liqasının qalibi olub.