4 Oktyabr 2016 17:45
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 4-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iqtisadi sahədə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərindən danışan Şahin Mustafayev qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 65 faiz artıb, Azərbaycana iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb.

Bildirilib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, ölkəmizdə İran tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür, ölkəmizə gələn iranlı turistlərin sayı artır.

Neftçala Sənaye Məhəlləsində Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən nazir Şahin Mustafayev İran şirkətlərini, xüsusilə də Şərqi Azərbaycan və Gilan vilayətlərindən olan iş adamlarını sənaye parkları və məhəllələrində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı oktyabr ayında Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək.

İran İslam Respublikasının Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Dünyadakı neqativ iqtisadi proseslər fonunda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasının əhəmiyyətini qeyd edən nazir Əbdülrza Rəhmani Fəzli turizm, İKT, maliyyə, nəqliyyat və sair sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.


Müəllif:

Oxşar xəbərlər