23 Oktyabr 2020 16:19
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometri uzun müddət nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədə tam olaraq Azərbaycan nəzarət edir. İki ölkənin dövləti sərhədi bərpa olunmuş vəziyyətə çatıb”.

Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdəki görüntülərdən aydın olur ki, əslində orada hər şey dağıdılıb: "Rayonların, kəndlərin, qəsəbələrin bərpası Azərbaycan dövlətinin və hökumətinin müharibədən sonrakı dövrdə qarşısında duracaq ən böyük vəzifədir. Bir çox istiqamətlərdə müharibənin getməsinə baxmayaraq, müəyyən bərpa işlərinə start verilib. Suqovuşanda avtomobil yollarının bərpası və yeni yolun tikintisinə başlanılıb. O cümlədən digər istiqamətlərdə infrastrukturun bərpası yönündə ilkin addımlar atılmaqdadır”.

Ağbənd qəsəbəsinin azad edilməsinə gəlincə, Pərviz Heydərov qeyd edib ki, bu, Azərbaycan üçün yeni perspektivlər vəd edir:

“Həmin sərhəd ərazilərdə gediş-gəlişin necə təşkil olunacağı, ticarət, mal mübadiləsinin mümkünlüyü və digər məsələlər mərhələli şəkildə həllini tapacaq. Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək, ticarət dövriyyəsini artıracaq. Həmçinin sərhəd bölgələrinin dirçəlməsinə və əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası üçün də yeni imkanlar qazandırır. Bir sözlə, nəzarətə götürülən Ağbənd qəsəbəsi Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə çox böyük perspektivlər vəd edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə və inkişafına xidmət edəcək”.


Müəllif: Yeganə Oqtayqızı