29 Dekabr 2020 16:51
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərkəzi Bank (MB) 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatını açıqlayıb. Sənəddə əsas diqqəti cəlb edən məsələ MB-nin manatın məzənnəsinə münasibətdə hədsiz həssaslığıdır. Əks halda əvvəlki illərdən fərqli olaraq 2021-ci ildә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil etməsini ayrıca qeyd etməzdi”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, Mərkəzi Bank ölkədə makroiqtisadi sabitlikdə, o cümlədən qiymәt sabitliyində əsas qarantın milli valyutanın sabitliyi olduğunu anlayır: “Buna səbəb istehlakda idxal mallarının әhәmiyyәtli paya malik olmasıdır. Bəyanatda qeyd edilir ki, pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq. Ancaq bir qeydi də vurğulamaq yerinə düşərdi, MB-yə görə, növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq.

Deməli, məzənnə sabitliyində indikator olaraq yenə də neftin qiymətinin dəyişməsi və bu dəyişikliyin nə qədər uzunmüddətli olması götürüləcək.

MB onu da diqqətə çatdırır ki, valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Yollardan biri kimi valyuta tәnzimlәnmәsinin optimallaşdırılması, o cümlədən valyuta satışına və axınına məhdudiyyətərin tətbiqi göstərilir”.

İqtisadçı deyir ki, bəyanatda diqqəti çəkən məqamlardan biri də koordinasiyanın vacibliyidir: “MB hesab edir ki, 2021-ci ildә proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaq. Xüsusilə də söhbət fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan gedir. Belə anlaşılır ki, büdcə xərclərinin növbədənkənar və ya kəskin artırılması makroiqtisadi sabitlik, o cümlədən qiymətlərin sabitliyinə təhlükə yaradır.

2020-ci ildə olduğu kimi gələn il də pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunması olacaq.

Maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, maliyyə inkluzivliyinin təmin edilməsi əsas hədəflərə çevriləcək. Bu baxımdan tikinti-əmanət bankının yaradılması üçün qanunvericilik aktının qəbuluna önəm veriləcək. Belə bir qanun layihəsi vaxtilə hazırlanıb Milli Məclisə təqdim edilsə də sonradan gündəlikdən çıxmışdı. İndi yenidən məsələyə diqqət artırılır”.

Samir Əliyevin fikrincə, həm Maliyyə Nazirliyinin hazırladığı fiskal, həm də Mərkəzi Bankın açıqladığı monetar sənədin analizi göstərir ki, hökumət üçün gələn il makroiqtisadi sabitlik əsas hədəfdir: “Bu sabitliyin əsas qarantı isə milli valyutanın məzənnəsinin dəyişməzliyidir. Məzənnə ilə bağlı istər Maliyyə Nazirliyinin narahatlığı, istərsə də Mərkəzi Bankın həssaslığı onu deməyə əsas verir ki, bu gün hökumətin gündəmində devalvasiya tədbiri yoxdur. Çünki hökumət devalvasiyanın ağır fəsadlarını anlayır və bu tədbirə büdcə kəsirini örtmək üçün əlavə qazanc götürmək qismində yox, çıxılmaz vəziyyətdən çıxış yolu kimi baxır.

Ona görə də gələn il neftin qiymətində kəskin ucuzlaşma baş verməzsə və bu ucuzlaşmanın müddəti ilə bağlı pessimist proqnozlar olmazsa, hökumət məzənnəni saxlamaqda davam edəcək.

Konkret fikir söyləmək çox çətindir, ancaq yenə də gözləntim budur ki, hökumət ən azı gələn ilin birinci rübündə gözləmə mövqeyində olacaq. Neftin qiymətindən və pandemiyanın taleyindən asılı olaraq sonradan qərarına yenidən baxa bilər. Hətta məzənnənin gələn ilin sonuna kimi saxlanmasını da istisna etmirəm. Əlbəttə, bütün bunlar hökumətin planıdır, plan isə hər zaman pozula bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər