8 Fevral 2021 23:13
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətləri artmağa davam edir. Brent markalı neftin bir bareli 1 illik fasilədən sonra bu gün 60,27 dollara qədər yükəlib. ABŞ xam nefti (WTI) isə 1,2% bahalaşma ilə 57,52 dollardan alıcı tapıb.

Pandemiya səbəbindən qlobal tələbin azalması, eləcə də əsas istehsalçılar olan Səudiyyə Ərəbistanı və Rusiyanın tədarük məhdudiyyətləri barədə razılığa gələ bilməməsi nəticəsində Brent neftinin qiyməti 2020-ci ilin aprel ayında 20 dollardan aşağı düşmüşdü.

Qeyd edək ki, analoji tendensiyanı Azərbaycan nefti də göstərib. Ötən həftə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 60,51 dollar təşkil etmişdi.

Xatırladaq ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə ötən il fevralın 22-də 60 dollar/bareli keçmişdi.

Maraqlıdır, böhranın təsirləri bitirmi?

Energetika üzrə ekspert, Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Teleqraf.com-a bildirib ki, oktyabr ayından etibarən neft qiymətlərində həftəlik ən yüksək artımı müşahidə edilir:

“Ötən həftə qiymətlər 7,5 faiz, oktyabr ayından etibarən isə 50 faizdən yuxarı həddə artıb. Qiymət artımını şərtləndirən ən önəmli faktor peyvəndlə bağlı müsbət dinamikanın davam etməsidir. Artıq dünyanın müxtəlif ölkələrində peyvəndləmə prosesinə start verilib, hətta İsraildə əhalinin 30 faizdən çoxu vaksinasiya olunub. Bu, qlobal iqtisadi aktivliyin gözləntilərdən daha tez bərpa olunacağı ilə bağlı ümidləri artırır. Təbii ki, bu da öz növbəsində, bazarda nikbin havanın formalaşmasına təsir göstərir.

Növbəti günlərdə qiymətlərə birmənalı olaraq təsir göstərəcək əsas faktor peyvənd olacaq. Əgər vaksinasiyanın insanlar üzərində müsbət nəticəsi təsdiqlənərsə, neftə olan tələbat sürətlə artacaq. Bu da neft qiymətlərin 65-70 dollar səviyyəsini ötməsinə gətirib çıxara bilər”.

Ekspertin müşahidələrinə əsasən, son dövrlərdə ABŞ-da virusa yoluxanların sayında kəskin azalma müşahidə olunur: “Yəni, bir ay bundan əvvəl 300 mindən çox yoluxma faktı qeydə alınırdısa, hazırda bu göstərici 90 mindən aşağıdır. Başqa sözlə, bir ay ərzində yoluxma faktları 71 faiz azalıb. Bu da dünyanın aparıcı iqtisadiyyatının daha sürətli şəkildə bərpa olunacağı ilə bağlı gözləntiləri artırır.

Bununla yanaşı Amerikada makroiqtisadi göstəricilər son dövrlərdə yaxşıya doğru irəliləməyə başlayıb. İşsizlik rəqəmləri yanvar ayında 0.4 faiz azalaraq 6.3 faizə düşüb. Başqa sözlə, ölkədə məşğulluq artır. Bu dövrdə ABŞ-da xidmət sənayesindəki aktivlik son 2 ilin ən yüksək səviyyəsinə çatıb.

Eyni zamanda emal sənayesi indeksinin də artdığı müşahidə edilir. Proqnozlar onu göstərir ki, bu il ABŞ-dakı iqtisadi artım gözləntilərdən daha sürətli ola bilər. Hətta 6 faizdən yuxarı iqtisadi artım gözlənilir. Bu isə öz növbəsində qlobal iqtisadiyyatın canlanmasına, nəticədə qlobal neft tələbatının artmasına təsir göstərə bilər”.

Emin Axundzadənin sözlərinə görə, hazırda qlobal miqyasda anbarlarda saxlanılan neft ehtiyatları kəskin şəkildə azalıb: “Neft qiymətlərinə mənfi təsir göstərən faktorlardan biri də anbarlardakı yerlərin məhdud olması idi. Aprel-iyun ayları arasında anbarların sürətlə dolması təklif üzərində ciddi təzyiq yaratmışdı. Hazırda isə izafi neft ehtiyatları sürətlə azalır. Dünyada nefti ən çox anbarlarda saxlayan ölkələr ABŞ və Çindir.

Son 8 həftədə ABŞ-da saxlanılan neft ehtiyatlarında azalma qeydə alınıb. Ümumilikdə iyun ayından etibarən təqribən 65 milyon barel neft ehtiyatı azalıb. Çində anbarlardakı neft ehtiyatlarının həcmi son 1 ilin ən aşağı səviyyəsindədir.

Neftlə yanaşı neft məhsulları ehtiyatları da anbarlardan sürətlə azalır. May ayından etibarən neft məhsulları təqribən 600 milyon barel azalıb. Halbuki yanvar-may aylarında təqribən 1.2 milyard barel artmışdı. Növbəti aylarda daha 150 milyon barel azalacağı proqnozlaşdırılır”.

Mütəxəssis deyir ki, son dövrlərdə OPEC+ ölkələri neft hasilatının azaldılması istiqamətində daha intizamlı davranır: “Təşkilata üzv ölkələr yanvar ayında gündəlik hasilatını 160 min barel artırıb. Bu da onu deməyə əsas verir ki, OPEC yanvar ayında öhdəliklərini artıqlaması ilə yerinə yetirib.

OPEC-ə üzv və qeyri-üzv ölkələrin - İraq, Nigeriya, Qazaxıstan və digərlərinin icra səviyyələri artıb. Fevralın 1-dən etibarən Səudiyyə Ərəbistanının könüllü olaraq gündəlik 1 milyon barel həcmində hasilat azalmasına getməsi də əlavə olaraq, bazarlara müsbət təsir göstərdi. Bu isə izafi neft ehtiyatlarının yığışdırılması baxımından olduqca əhəmiyyətli addım olaraq qiymətləndirilə bilər.

OPEC+ ölkələrinin proqnozlarına görə, cari ilin iyul-avqust aylarında anbarlarda saxlanılan ehtiyatlar pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər”.

Emin Axundzadəyə görə, bazarlarda tələb tərəfində də ciddi canlanma müşahidə edilir: “Gələcəklə bağlı proqnozlar müsbətə doğru dəyişməyə başlayıb. Beynəlxalq Valyuta Fondu hesab edir ki, 2021-ci ildə dünya iqtisadiyyatı 5.5 faiz artım göstərəcək. Bu da öz növbəsində neft tələbatının artması ilə nəticələnəcək. “McKinsey” şirkətinə görə, cari ildə neft istehlakı 7 faiz və ya gündəlik 6.3 milyon barel arta bilər.

ABŞ-ın Enerji İnformasiya Administrasiyası hesab edir ki, gündəlik neft tələbatı 5.6 milyon barel artacaq. Ən nikbin proqnozu ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” verib. Bank hesab edir ki, cari ilin avqust ayında gündəlik neft tələbatı təqribən 100 milyon barel təşkil edəcək. Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko” da hesab edir ki, ilin axırına qədər pandemiyadan əvvəlki səviyyələrə qayıtmaq mümkün olacaq. Bu, müsbət dinamikanın davam etdiyini göstərir. Bundan əvvəl 2021-2022-ci illərdə tələbatın pandemiyadan əvvəlki səviyyələrə qayıdacağı ilə bağlı proqnozlar verilirdi”.

ABŞ-da prezident seçkisindən sonra Amerika ilə İranın yaxınlaşmasına dair gözləntilər var. Belə olan halda enerji bazarlarına İran neftinin çıxması ehtimal olunur. Bu məsələ tənzimlənərsə, neft qiymətlərinə necə təsir edəcək?

Analitik bildirib ki, qısa müddət ərzində hasilatı yenidən bərpa etmək asan məsələ deyil: “Hasilatı yenidən bərpa etmək üçün müəyyən zamana ehtiyac var. Hazırkı proqnozlar onu göstərir ki, ən az cari ilin aprel-may aylarından sonra İranın neft hasilatında əhəmiyyətli artım müşahidə edilə bilər. İranın hədəfi hazırkı səviyyədən 1.3-1.4 milyon barel civarında ixracatını artırmaqdır. Qeyd edim ki, cari ilin II rübündən sonra neft tələbatının daha da artacağı gözlənilir. Çünki bir tərəfdən peyvəndləmə prosesinin davam etməsi və ilin II rübünə qədər peyvənd olacaq insanların sayının artacağı, digər tərəfdən isti ayların yaxınlaşması ilə havayolu nəqliyyatında da aktivliyin nisbətən bərpası neft istehlakının artım tempini yüksəldəcək. Düşünürəm ki, bazarlar İranın əlavə neft hasilatını bu dövrdə qarşılaya biləcək. Yəni bu, bazar üçün ciddi problem yaratmayacaq.

ABŞ-dakı yeni hökumətin əsas strategiyalarından biri 2050-ci ilə qədər karbon emissiyasını 0 faizə qədər düşürməkdir. Karbon emissiyasını artıran səbəblərdən biri də şist neft hasilatıdır. Şist neft hasil olunan zamanı yeraltı və yerüstü su ehtiyatları, o cümlədən atmosfer ciddi şəkildə çirklənir. Bu səbəbdən növbəti aylarda şist neft hasilatında azalma müşahidə edilə bilər. Bu baxımdan İranın hasil edəcəyi əlavə neft həcmlərinin bazara ciddi təsir göstərməyəcəyi proqnozlaşdırılır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər