19 Fevral 2021 18:57
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistanın pay bölgüsü məlum olub. İki ölkənin birgə işlədəcəyi Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen resurslarının 30 faizi Azərbaycana, 70 faizi Türkmənistana çatacaq.

Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində qeyd edilib.

Yataqdan hasil edilən və beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resursları Azərbaycanın mövcud nəqliyyat tranziti sistemlərindən istifadə edilərək daşınacaq.

Qeyd edək ki, Anlaşma Memorandumu bu il yanvarın 21-də imzalanıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, Xəzərin hüquqi statusu həll edilmədiyi dövrlərdə Türkmənistan neytral ərazidə yerləşən “Kəpəz” (indiki “Dostluq”) yatağına iddia edirdi.

Ekspert deyir ki, o dövrdə Azərbaycanın mübahisəli yataq məsələsində mövqeyi yatağın Türkmənistanla birgə istifadə edilməsi yönündə idi: “Ölkəmizin eyni zamanda İranla da mübahisəli yataqlarda mövqeyi əvvəlcədən bəlli idi. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiya Xəzəryanı dövlətlər tərəfindən imzalandı. Bundan sonra Xəzər dənizində mübahisəli hesab ediləcək yataqların birgə istifadəsi, eyni zamanda dənizin dibi ilə kommunikasiyaların, ixrac kəmərlərinin çəkilməsi ilə bağlı problem qalmır.

Əgər yataq neytral ərazidə yerləşirsə, onda bu yatağın hansı hissəsinin Azərbaycana, hansı hissəsinin isə Türkmənistana düşməsini müəyyən etmək lazımdır. Əvvəllər Türkmənistan bütövlükdə “Kəpəz” yatağına iddialı idi ki, yataq Türkmənistanın müstəsna iqtisadi ərazisində yerləşir. Ona görə də yatağın birgə istifadəsi və yaxud karbohidrogen resurslarının istifadəsi ilə bağlı işlər bu günə kimi yubandı.

Bütövlükdə yatağın birgə istifadəsi həm Türkmənistan, həm də Azərbaycan üçün sərfəlidir.

Türkmənistan eyni zamanda bu yatağın birgə istifadəsindən sonra Azərbaycanın ixrac güclərindən də tam istifadə etmək niyyətindədir. Bir neçə gün əvvəl SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov belə bir açıqlama verdi ki, əgər ortada siyasi qərar olarsa, qarşıdakı illərdə Türkmənistan dövləti də Cənub Qaz Dəhlizinin imkanlarından istifadə edə bilər. Yəni enerji sahəsində iki ölkə arasında geniş bir əməkdaşlıq platformasının yaranması ilə bağlı münbit şərait var.

Türkmənistana məxsus emal olunan neft-kimya məhsullarının böyük bir hissəsi məhz Azərbaycan üzərindən xarici müştəri bazarlarına aparılır. Artıq fevralın 1-dən Gürcüstanın dəniz limanlarında Türkmənistan karbamidinin müştəri bazarlarına dayanıqlı tədarükünü təşkil etmək üçün orada bir logistik mərkəz də yaradılıb. Yəni çox geniş əməkdaşlıq imkanları yaranır”.

Zəfər Vəliyev “Dostluq” yatağının karbohidrogen resurslarının 30 faiz Azərbaycanın, 70 faiz də Türkmənistanın payına düşməsinə münasibət bildirmək istəməyib: “Yəqin qarşıdakı günlərdə bu haqda ətraflı məlumatlar yayılacaq”.

Maraqlıdır, hasilatın pay bölgüsü yatağın çox hissəsinin Türkmənistan ərazisinə düşməsinə görəmi müəyyənləşib? Ümumiyyətlə, yatağın kim tərəfdən kəşf olunmasının önəmi varmı?

Zəfər Vəliyev qeyd edib ki, İran istisna olmaqla Xəzər dənizində Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan sektorundakı ofşor neft-qaz yataqlarını əksəriyyətini əsasən Azərbaycan geoloqları kəşf edib: “1991-ci ilə kimi Xəzər dənizində iki dövlət sərhədi mövcud idi - İran və sovetlər birliyi. Sovetlər birliyi dövründə Xəzər dənizi ətrafında yerləşən müttəfiq respublikalar arasında da bir bölgü var idi, yəni sərhədlər məlum idi. Amma eyni ittifaqda yaşadığımıza görə bu bölgü bir çox hallarda nəzərə alınmırdı.

O da məlumdur ki, Türkmənistanın ərazisindəki dəniz yataqlarının əksəriyyəti vaxtilə Azərbaycan geoloqları tərəfindən kəşf edilib və xüsusi siyahıya salınıb. “Kəpəz” yatağını da Azərbaycan geoloqları kəşf edib. Hər iki dövlətin bəlli sərhədləri var. Əslində yatağın yenidən hansı dövlətin ərazisinə düşməsini müəyyən etmək olar. Bəlkə yatağın böyük bir hissəsi Türkmənistan ərazisinə düşür? Əgər yataq neytral sularda idisə, hesab edirəm ki, hasilatın pay bölgüsü sazişində və yaxud yatağın birgə istifadəsində Azərbaycanla Türkmənistan bərabərhüquqlu tərəflər kimi çıxış etməlidir. Ona görə də bu sualın cavabına təfsilatlı məlumat verildikdən sonra dəqiq fikir bildirmək olar”.

Qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.


Müəllif: Yeganə Oqtayqızı