13 Yanvar 2022 14:12
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adətən maliyyə ilinin sonunda dollara tələbin artması müşahidə olunur. Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarıcı borc öhdəliklərini yerinə yetirirlər və bayramlarla bağlı olaraq idxala tələb artırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov ilin əvvəlindən bəzi bankların dolların alış kursunu artırmasına münasibət bildirərəkən deyib.

Deputat qeyd edib ki, ilin birinci ayı adətən dollara tələb optimal olur: “Amma bankların alış kursunu artması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, biznesdən kənar valyuta tələbi hələlik yüksək deyil”.

Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi?

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir: “Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə, o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur.

Artıq Azərbaycan Mərkəzi Bankı (AMB) yanvar ayının geridə qalan günlərində 2 hərrac təşkil edib. Yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə tələb 113.1 milyon dollar olub. Yəni, bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb”.

Analitik hesab edir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, manatın məzənnəsi birbaşa AMB-nin qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər