5 Fevral 2022 14:22
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısında cənab Prezident bir sıra mühüm məsələlərə toxundu. Əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, son vaxtlar Avropada baş verən hadisələr, eyni zamanda Ukrayna və Rusiya arasındakı gərginlik bir daha göstərdi ki, ciddi bir tərəfdaş dövlətin inhisarında olan qaz yataqlarında qaz ixracatçısı olaraq mütləq şəkildə zəmanət olmalıdır:

“Cənab Prezident də qeyd etdi ki, Cənub Qaz layihəsi başa çatıb. Babək yatağı, Ümid yatağı, gələcək perspektivlərlə bağlı çox ciddi açıqlamalar verdi. Hərəsinin 400 milyard, 200 milyard kubmetr ehtiyatları olduğunu və gələcəkdə Avropa, həmçinin dünyada enerji təhlükəsizliyinin qarşısının alınmasında mühüm addımlar atıla biləcəyini bildirdi.

Bundan başqa, "Azəri-çıraq-günəşli" yatağı çox mühüm potensiala malik layihədir. Bu, artıq 4 qonşu ölkə arasındakı Cənub Qaz layihəsi kimi yadda qalacaq. Azərbaycan keçən il 19 milyard kubmetr qaz ixrac edib. 8,5 milyard Türkiyə, 7 milyard İtaliya, bununla yanaşı, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixracı olub. Artıq bir neçə dövlət, Avropa İttifaqının aparıcı rəhbərliyi bununla bağlı Azərbaycanla danışıqlara hazırdır və danışıqlar gedir”.

Millət vəkilinin fikrincə, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır:

“Getdikcə həmin dövlətlərin sayı artır, Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Çünki Azərbaycan bir daha sübut etdi ki, bu beynəlxalq layihələrdə ciddi tərəfdaşdır. Gələcəkdə belə proseslərdən öz xeyrinə kiminsə istifadəsi üçün siyasi məsələrdə bu iştirak etmir. Bununla yanaşı, həm regional dövlətlər üçün, həm beynəlxalq səviyyədə Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir. Təbii ki, burada müəyyən əngəllər törətmək istəyənlər də var. Lakin bunun qarşısı birmənalı şəkildə alınır”.


Müəllif: Aysel Azad