Böyük Britaniya Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) ticarət blokuna qoşulub.
Teleqraf.com hökumətin bəyanatına istinadən xəbər verir ki, İngiltərənin 11 üzv dövlət olan TPP ilə ticarət blokuna qoşulması təxminən iki il davam edən danışıqlardan sonra baş verib.
Britaniyanın iştirakı ilə TPP qlobal ÜDM-in 15 faizini təşkil edəcək və həcmi 11 trilyon funt sterlinqə çatacaq. TPP çərçivəsində azad ticarət sazişinin uzun müddət ərzində Britaniya iqtisadiyyatına 1,8 milyard funt sterlinq töhfə verəcəyi gözlənilir.
İngiltərənin Baş naziri Rişi Sunak “Brexit”dən sonra ən böyük ticarət razılaşması olduğunu bildirib:
“Azad ticarət ölkəsiyik və bu razılaşma bizim “Brexit”dən sonrakı azadlıqlarımızın real iqtisadi faydalarını göstərir. TPP-nin bir hissəsi olaraq Britaniya indi yeni iş yerləri, artım və innovasiya imkanları əldə etmək üçün qlobal iqtisadiyyatda birinci yerdədir. TPP ticarət blokuna qoşulmaq Britaniyanı dinamik və inkişaf edən Sakit okean iqtisadiyyatları qrupunun mərkəzinə qoyur. Britaniya biznesləri indi Avropadan Cənubi Sakit okeana qədər bazarlara misilsiz çıxış əldə edəcəklər”.