Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank” Rusiyada təxminən 1500 nəfərin çalışdığı texnoloji filialını bağlayır.
Teleqraf.com xəbər verir ki, məlumatı Almaniyanın biznes qəzeti “Handelsblatt” dərc edib.
Məqalədə qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadakı fəaliyyətini tədricən dayandıracağını elan edən “Deutsche Bank” bu müddət ərzində özünün buradakı şirkətlərini buraxıb.
Keçən il “Deutsche Bank” bütün rusiyalı işçilərinə könüllü olaraq Berlində yeni yaradılmış texnologiya mərkəzinə və ya digər texnologiya mərkəzlərinə keçmək imkanı təklif etmişdi. Bankın Rusiyadakı 1500 əməkdaşının 700-dən çoxu hazırda ölkəsindən kənar bankda çalışır.
Müharibədən sonra Rusiyaya tətbiq edilən sanksiyalara görə bir çox alman şirkəti rus işçilərini Almaniyaya yönləndirib. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayından etibarən Almaniyanın xaricdəki diplomatik nümayəndəlikləri Rusiya vətəndaşlarına 9200-ə yaxın iş vizası verib.