25 Sentyabr 2023 13:48
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan ərazilərdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir: “Belə ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklə işğaldan azad olunan ərazilərdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər”.

İqtisadçı bildirib ki, işğaldan azad oluna ərazilərdə çalışan və sadəcə orta məktəbi bitirənlər sözügedən müavinətdən istifadə edə bilmirlər: “Bu müavinətin verilməsində məqsədlərdən biri də həmin ərazilərdə ixtisaslı kadrların axınını stimuallaşdırmaqdır. Bununla belə, həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi məqsədəuyğun olardı. Bu baxımdan təklif edirik ki, sadəcə orta məktəb bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq hüququna malik olsunlar.

İşğaldan azad oluna ərazilərimizdə çalışan və sadəcə orta məktəb bitirmiş vətəndaşlarımız diferensial yanaşma ilə müavinətin 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik ola bilərlər. Bu bir tərəfdən ixtisaslı kadrların stimullaşdırılması hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər”.


Müəllif: Yeganə Oqtayqızı