Rusiya Prezidenti Vladimir Putin rublun ucuzlaşması ilə əlaqədar ölkəsində əsas ixracatçılara xarici valyuta satmaq öhdəliyini yenidən tətbiq edib.
Teleqraf.com hökumətin açıqlamasına istinadla xəbər verir ki, Putin bəzi Rusiya ixracat şirkətləri üçün fərman imzalayıb.
Müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.
Bəyanatda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousovun fikirlərinə də yer verilib: “Bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırmaq və valyuta spekulyasiyası imkanlarını azaltmaqdır”.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi bir müddət sonra ləğv edilib. Lakin bu il rubl dollar qarşısında 25 faizdən çox dəyər itirdikdən sonra öhdəliyin yenidən həyata keçirilməsi gündəmə gətirilib.