Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqaviləyə uyğun olaraq SOCAR-ın Polimer zavodunun inşası və istismarı zamanı tətbiq olunacaq beynəlxalq və regional standartlar üzrə danışıqlar başa çatıb.
Komitədən Teleqraf.com-a bildiriblər ki, müqavilə əsasında 2015-ci ildə 300-ə qədər beynəlxalq və regional standartların bazasında yeni milli standartların hazırlanıb dövlət qeydiyyatına alınması planlaşdırılır. Hazırda prioritet standartların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa SOCAR-ın Karbomid zavodunun inşası və istismarının təmin edilməsi istiqamətində tətbiq ediləcək prioritet standartların müəyyənləşdirilməsi işləri həyata keçirilməkdədir.
Müqaviləyə uyğun olaraq ötən il SOCAR-ın yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin inşası və istismarı layihəsində istifadə olunacaq beynəlxalq və regional standartların Azərbaycan ərazisində tətbiqi istiqamətində 102 milli standart hazırlanaraq dövlət qeydiyyatına alınıb.