2 May 2015 10:01
588

Əməkdaşlığa başlayandan etibarən Asiya İnkişaf Bankı 12 layihənin həyata keçirilməsi üçün Azərbaycana 1,6 milyard dollar ayırıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda öz işinə başlayan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının açılış mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan əlavə bank 7 layihənin reallaşdırılması üçün 10 milyon dollar dəyərində qrantlar ayırıb:

“Özəl sektorun inkişafına ayrılan kreditlərin ümumi məbləği isə 163 milyon dollar təşkil edib”.

Qeyd edək ki, İllik Toplantıda 3000-nə yaxın iştirakçı, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmiləri, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələri iştirak edir.

1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılıb, bütün texniki tapşırıqlar və tövsiyələr yerinə yetirilib.


Müəllif: