17 Noyabr 2020 11:45
2 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Firəngiz Mütəllimova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Firəngiz xanım, ordumuz torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçdi, rayonlarımız erməni tapdağından qurtuldu... Bir şuşalı kimi təəssüratlarınız necədir?

- Elə bilirəm ki, yuxudayam... Təsəvvür edin, o arzu, o ümidlə yaşa, ən gənc yaşından Vətənindən çıx, hər şey alt-üst olsun, şəxsi həyatın da... Nəhayət, arzun bu gün həyata keçsin. Sanki ürəyim Şuşada qalmışdı. Bu, elə bir sevinc hissidir ki, dilə gətirə bilmirəm. Ali Baş Komandanımıza təşəkkür edirəm. Şəhid analarının əllərindən öpürəm ki, belə vətəpərvər, vətənsevər övladlar dünyaya gətiriblər. Allah şəhidlərimizə rəhmət eləsin! Şuşaya bayrağı sancana Allah can sağlığı versin!

Bir Azərbaycan xanımı kimi, övladım olmasa da elə bilirəm ki, əsgərlərin hamısı mənim balamdır. Sanki itmiş mənliyim özümə qayıdıb. Düzdür, Şuşadakı evimizdən heç nə qalmayıb. Həmin küçədə ermənilər yaşayırmış. Onlara millət də demək olmur, azğın deyim, nə deyim, bilmirəm...

- Şuşanın azad olması xəbərinə necə reaksiya göstərdiniz?

- Şuşanın azad olması xəbərini eşidəndə evdə idim, sevindim, ağladım, qışqırdım. Bayrağımızı götürdüm. Sonra əl-ayağım əsdi, bacım qorxdu. Dedim, qorxma, bu, sevinc göz yaşlarıdır. Bir tərəfdən də şəhidlərimiz yadıma düşdü.

Öz gücümüzə mübarizə apardıq, bu dəfə hamımız birləşdik. Ön və arxa cəbhədə bütün millət ayağa qalxdı. Belə bir söz var, sevinc və kədər qardaşdır. Ən böyük arzum Qarabağ torpağına, Şuşaya ayaq basmaqdır.

- Şuşadan gələrkən özünüzlə nə isə gətirə bilmişdinizmi? Evinizin açarları sizdədimi?..

- Evin açarını, bir də bəzi sənədləri gətirmişdik. Valideynlərim müəllim olduqlarına görə atam bir çox sənədləri özü ilə gətirmişdi. Kommunal xərclərin qəbzləri hələ də məndədir. Onları saxlayırdım və tez-tez baxırdım.

Şuşadan çıxarkən bir kibrit çöpü belə götürməmişik. Şuşa alınmaz qala idi, alındı. Bu günə görə Allahımıza çox şükür! Mənim bir düşmənim var, o da torpağımı işğal edən ermənidir. Mən onların heç birinə inanmıram.

Şuşada erməni qonşularımız var idi. Uşaqlıqda yaşadıqlarım gözümün önünə gəlir, onların heç birinə inanmaq olmaz. Çünki biri üzümüzə yalandan gülürdüsə, üçü başımızı kəsməyə hazır idi...

- Şuşadakı evinizdən sizə video görüntü göndəriblər?

- Video yox, foto göndəriblər. Təsəvvür edin ki, evimiz uçub, dağılıb. Ağaclar yoxdur. Məhəlləmizdəki bulağı isə pis vəziyyətə salıblar.

- Evinizdə ermənilər yaşamayıb?

- Xeyr, heç kim yaşamayıb, evin yalnız divar və pəncərələri qalıb. Evi ermənilər tamam dağıdıb. Ondan heç nə qalmayıb. Böyük evimiz vardı, tarixi və qədim bina idi.

- Şuşadan ən sonda atanız çıxıb, eləmi?

- Bəli, Şuşadan ən sonda atam çıxıb. Atamı gözləyirdik, ondan çox nigaran idik. Gələn kimi anam dedi ki, soyuducunu tokdan çıxardın? Dedi, yox. Anam dava saldı ki, niyə soyuducunu söndürmədin? Anam sanki Şuşanın işğal edilməsi ilə barışmırdı. Atam da dedi ki, mən səni başa sala bilmirəm, Şuşa artıq yoxdur.

Ondan sonra anam kənara çəkilib, sakitcə ağladı. Dedi, istəyirsən, mənə saray al, öz evimi istəyirəm. Şuşa çox gözəldir.

- Şuşada yaşamağı düşünürsünüz?

- Əlbəttə, Şuşada yaşayacam. Şuşa işğal edilənə qədər hər yay evimizə gedib-gəlirdim. İndi də ən böyük arzum odur ki, qışı da, yayı da Şuşada keçirim. Şuşadakı evlərimiz, tarixi məkanlarımız bərpa olunacaq. Mən təqaüdə çıxandan sonra həmişəlik Şuşaya köçəcəm. Mədəniyyət sahəsində də nə lazımdırsa, edəcəm.

Teatrımızla bütün Azərbaycanı gəzmişəm, amma son illər Şuşada olmamışam. Cıdır düzündə çəkilişlərim olub. İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə mövsümü açıb, bağlayırıq. Hər zaman o tamaşada oynayanda deyirdim ki, kaş bu tamaşanı Şuşada, Qarabağda oynayardım.

- Şuşada teatr açmağı düşünürsünüzmü?

- Mənim qrup yoldaşım Yadigar Muradov Şuşa Dövlət Musiqili Dram Teatrını yaradıb. Ancaq Yadigar Muradova kömək edə bilərəm. Uğur arzulayıram, onun arzuları da yerdə qalmasın. Teatr açmaq fikrim yoxdur, amma tələbə yetişdirə, Şuşa teatrında rol oynaya bilərəm. Çünki Şuşa Teatrı deyəndə gözümüzün qabağına Yadigar Muradov gəlir.

- Torpaqlarımızın azad edilməsinə ümidiniz var idi? Ümumiyyətlə, Şuşanın azad edilməsinə inanırdınızmı?

- Müharibədən iki ay əvvəl ürəyimə nəsə dammışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın torpaqlarımızda əylənərkən yayılan görüntüsünü bacım Nərgiz göstərəndə dedim ki, baxmaq istəmirəm. Onda bir az ümidim qırılmışdı, çökmüşdüm. Dedim ki, bunlar hər şeyi əllərinə alıblar. Amma bu müharibə başlayanda inandım ki, qələbə bizimdir.

Müharibənin ən ağır yükü prezidentimizin üzərinə düşdü. Ali Baş Komandanımızın xarici mətbuata müsahibələrini izləyirdim. Nə qədər haqsız suallar verirdilər. Başda Ali Baş Komandan olmaqla bütün ordumuzun qarşısında baş əyirəm. Şəhid analarının qarşısında təzim edirəm. Bu ağrılı-acılı, amma heç vaxt dada bilməyəcəyimiz sevinci bizə yaşatdılar.

- Şuşanı itirməyinizin şəxsi həyatınıza da təsir etdiyini açıqladınız. Nəyi nəzərdə tutursunuz?

- Həmin vaxt ailə həyatı qurmuşdum, valideynlərim xəstə idi. Tez-tez Şuşaya gedib-gəlirdim. Şəxsi həyatım alt-üst oldu. Həyat yoldaşım burada, mən orada yaşamaq istəmədim. Qayıtdım, gəldim. Biz belə ayrıldıq, başqa dava-dalaşımız olmadı. Dedim ki, valideynlərim xəstədir, mən onların yanında olmalıyam. Nə qədər gedim-gəlim... Bacılarımın məktəbi yarımçıq idi, hamımız paramparça olmuşduq.

O zaman vəziyyət çox ağır idi, Allah bir daha heç kimə bunu yaşatmasın. İnanın ki, heç bilmədim, həyatım hardan gəldi, hara getdi. Ən yaxşı vaxtımda ora-bura qaçırdım.

- Yenidən həyat yoldaşınızla bir araya gəlmək imkanınız var idi?

- Xeyr, sonra ata-anam rəhmətə getdi. Elə bildim ki, evin böyüyü mənəm. Qayğılar üzərimə düşdü. Nəsə qopdum, elə bilirdim ki, yenidən ailə qursam başıma gəlməyən iş qalmaz.

- Həyat yoldaşınız İranda yaşayan azərbaycanlı idi. Nə qədər evli qaldınız?

- Onunla beş il ailəli oldum.


Müəllif: Rəqsanə Həsənova