3 İyul 2023 15:59
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı Arb televiziyasında yayımlanan “Maqazin plyus” verilişində rejissorları sərt tənqid edib.

Teleqraf.com-un məlumatına görə, Afaq Bəşirqızı qeyd edib ki, filmlərin zəifliyi rejissorların tamahkarlığı ilə əlaqədardır.

"Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəm, ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır. Nə olsun, sponsor verib, o, halal tikəyə əl atır, əl uzadır. Ona görə də onun işi heç zaman müvəffəqiyyətlə alına bilməz. Bunu Allah qoymaz. Çünki kiminsə çörəyinə, zəhmətinə əl uzadırsansa, sən heç vaxt xoşbəxt ola bilməzsən. Biz zamanında elə bir dövrdə yaşamışıq ki, vicdanlı və istedadlı kinorejissorların, teatr rejissorlarının əlinə düşmüşük. Anlamışıq ki, biz işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara imkan vermirlər. Nə sanbalı, nə adını saxlamağa... Axı, bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur".

Onun sözlərinə görə, haramlıqda heç zaman bərəkət yoxdur: "Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. “Qablarında” olan istedadı ortalığa çıxarırlar ki, təki çəkildikləri film tamaşaçılar tərəfindən baxılsın. Eyni zamanda da izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun".


Müəllif: Rəqsanə Həsənova