“Qırx gündən artıqdır xalqımızın sağlamlığı üçün mücadilə aparıram. Sağ olsunlar, indi rəsmi orqanlar köməyə gəldi. Heç bir paylaşımım yalan üzərində qurulmayıb. Lakin bu mübarizə asan deyil, adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-a köçən tele-aparıcı Qənirə Ataşova şəxsi İnstaqram hesabında yazıb:
“Pullarının gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib.
Məni qınayanlar da az deyil. Bəzən “inbox”uma yazılan mesajlar, şərhlər məni incidir. Bir dəfə də siz irəli gedin, bir saxtakarı siz ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın. Mənə şəkil göndərir, əmrlə “araşdır” deyirsiniz, bəs siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm! Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur.
Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda mən nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm.
Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə mənim işlərimdən şikayət edir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır. Rica edirəm, məni qınamaq əvəzinə, siz də bu yolda addım atın”.