3 Sentyabr 2014 19:26
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Bağırzadə: “Həmin təşkilatların dövriyyəsində olan aktiv pullar 50 milyonu keçir”

Suallarımıza Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə cavab verib. Partiya sədri ölkə müxalifətinin durumundan, siyasi passivliyin hökm sürməsindən, müxalifət partiyaları arasında yaşanan gərginlik, habelə əməkdaşlıq imkanlarından, AMİP-in bu proseslərdə iştirak etməməsinin səbəblərindən bəhs edib. Yusif Bağırzadə eyni zamanda regional və geopolitik məkanda baş verən siyasi proseslərlə bağlı da fikirlərini açıqlayıb.

- Yusif bəy, yay mövsümü tədricən başa çatır. Müxalifət düşərgəsində mövcud durumu necə qiymətləndirirsiniz?
- Yay mövsümü ağır keçdi. Ramazan bayramı da bu mövsümə təsadüf etdi. Bu yay həm də Ermənistan-Azərbaycan cəbhə xəttində aktivlik müşahidə olundu, erməni qəsbkarları aranı qarışdırmaq, mövqelərimizi atəşə tutmaq, hücum etmək kimi hərəkətlərə yol verdilər. Nəticədə hərbçilərimizdən həlak olanlar oldu. Amma bəllidir ki, silahlı qüvvələrimiz də düşmən qarşısında mətanətlə dayandı, qarşı tərəfə layiqli cavab verdi. İndi ölkə daxilindən daha çox geopolitik vəziyyətdə qarşıdurmalar müşahidə olunur, müəyyən proseslər gedir. Artıq Avropa İttifaqı Rusiya dövlətini əməkdaşlıqdan məhrum edir, bu ölkəyə qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edir. Rusiya da faktiki olaraq bizə düşmən olan Ermənistana tam mənada nəzarət edir, Ermənistanda öz hərbi bazalarını yerləşdirib. Üstəlik Ermənistan və Rusiya strateji müttəfiq olmaqla yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Biz Rusiya və digər dövlətdən silah alırıq, ancaq onlar Ermənistana pulsuz silahlar verirlər. İkincisi, hesab edirəm ki, artıq İranla bağlı müəyyən dəyişikliklər gözə çarpır. Müşahidələr göstərir ki, İrana qarşı tətbiq edilən sanksiyalar tədricən aradan qaldırılır. Avropa İttifaqı və ABŞ-ın İrana yaxınlaşması, münasibətlərin tədricən rasional xətt üzrə inkişafı müşahidə edilir. Üçüncüsü, Türkiyədə prezident keçirilirdi, tarixdə ilk dəfə olaraq prezident xalq tərəfindən seçildi. Bundan sonra tədricən Türkiyədə parlamentli dövlət quruluşundan prezident üsul-idarəsinə keçidə start veriləcək. Və nəhayətdə Avrasiya İttifaqı yeni yaransa da, gücünü və potensialını ortaya qoya bilməyib. Əksinə, bu qurum daxilində tədricən fikir ayrılıqları yaranır. Belarus-Rusiya, Qazaxıstan-Rusiya arasında fikir ayrılıqları artıq göz önündədir. Qeyd edim ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Gürcüstan, Moldova və Ukrayna Avropaya yaxınlaşıb, Azərbaycan isə bu məsələdə daha ehtiyatlı addımlar atır və gözləmə mövqeyi tutur. Yəni geopolitik məkanda proseslər daha aktiv gedir, əvəzində ölkə daxilində, eləcə də, müxalifət düşərgəsində passivlik hökm sürür.

- Qarşıdakı mərhələdə müxalif düşərgədə passivliyin aradan qalxması gözlənilirmi?
- Yay mövsümü yeni bitir, sərhəd zonasında aktiv atışmalar baş verdi. Əslində, istər hakim partiya, istərsə də müxalifət partiyaları olsun, bizdə aktivlik, əsasən, seçkilər dövründə baş verir. Konkret olaraq deyə bilərəm ki, 1995-ci ildən AMİP-in daimi seçki qərargahı var, biz dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəyik. Onu da deyim ki, seçkilərdə tək iştirak edəcəyik. Siyasi partiyalarda qütbləşmə prosesinə gəldikdə qeyd edim ki, AMİP bu prosesə qoşulmur, heç qoşulmaq niyyəti də yoxdur. Hesab edirik ki, Azərbaycanda müstəqil məhkəmələr mövcuddur. Zərər çəkən şəxslər yerli məhkəmə instansiyalarını keçərək Avropa Məhkəməsinə qədər gedə bilər. Odur ki, biz məhbuslarla bağlı müxalifət partiyalarının yaratdığı müdafiə komitəsinə qoşulmuruq.

- İndi KXCP qərargahında da siyasi partiyalar toplaşır, birlik yaratmağın yollarını axtarırlar. Siz nədən bu prosesdə yoxsunuz?
- AMİP-i bu formatda keçirilən tədbirə dəvət etmişdilər. Ancaq partiyanın qərarı belə oldu ki, biz bu tip formatlarda iştirak etməyək. Ona görə də, siz nəzərdə tutduğunuz prosesə qoşulmadıq.

- Siz partiyaların bloklaşmasına qarşısınız?
- Qarşı deyilik, amma iştirak da etmirik. Biz heç kimə qarşı deyilik, lakin hər bir partiyanın öz dəsti-xətti var. Biz sadəcə olaraq AMİP-i dediyiniz formatda görmədik. Hazırda təşkilatlanma və seçkilər bizim əsas fəaliyyət istiqamətidir. Bizim yaxın iki ay ərzində Türkiyədə geopolitik və regional mövzuda tədbirimiz olacaq. Qeyd edim ki yaxınlarda İsveçdə seçkilər keçiriləcək. AMİP-in baş katibi Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev bu seçkiləri izləyəcək. Bizim məqsədimiz 2015-ci ildə Avropa Xalq Partiyasına həqiqi üzv olmaqdır.

- Dövlət başçısı Beyləqanda bəyan etdi ki, müxalifət partiyaları xaricdən maliyyə alırlar və bu ölkənin milli maraqları ilə ziddiyyət təşkil edir. AMİP sədri olaraq bu məsələyə münasibətiniz necədir?
- Məncə, bu məsələni daha çox təhlükəsizlik orqanları bilərlər. Biz AMİP olaraq heç bir dövlətdən qrant almırıq, bizim tədbirlərimiz öz hesabımıza keçir. AMİP-in Qeyri Hökumət Təşkilatları yoxdur.

- Bəs, xaricdən maliyyə alan siyasi partiyalar varmı?
- Bunu mən deyil, xüsusi xidmət orqanları bilər. Hər halda olmamış olmaz. Çünki Azərbaycanda qeyri-stabillik yaratmaq istəyən dövlətlər var və onların da burada missionerləri var. Biləsiniz ki, onların burada agentlikləri də, sərmayədarları da var. Azərbaycanda elə qeyri-bank sektorları var ki, dövriyyəsi milyonlarla ölçülür. Onlar Avropada və digər dövlətlərdə qeydiyyatdan keçiblər. Əlbəttə ki, onların fəaliyyətini milli təhlükəsizlik orqanları yoxlamalıdır. Hesab edirəm ki, cənab Prezident düz deyir. Onların fəaliyyəti yoxlanmalıdır. Belələri var, qeyri-stabilliyə xidmət edirlər və həm də qeyri-stabilliyə xidmət edən qüvvələri maliyyələşdirirlər. Həmin təşkilatların da dövriyyəsində olan aktiv pullar 50 milyonu keçir.

- Siz daima Avrasiya İttifaqı ideyasına qarşı çıxış etmisiniz. İndi bu qurumda müəyyən fikir ayrılıqları müşahidə edilir. Bu qurumun perspektivi haqda nə düşünürsünüz?
- Orada son dövrlər daha çox Qazaxıstan-Rusiya qarşıdurması müşahidə olunur. Bu da səbəbsiz deyil. Problemlər Qazaxıstanın Ukrayna dövlətinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlıdır. Bildiyiniz kimi, cənab Putin məhz bu mövqedən sonra elan etdi ki, Nursultan Nazarbayev heç nədən bir dövlət yaradıb. Belə çıxdı ki, Qazaxıstanın dövlətçilik təcrübəsi yoxdur. Nazarbayev də buna cavab olaraq elan etdi ki, Avrasiya İttifaqı onun dövlətinin marağına uyğun gəlməsə, bu qurumu tərk etmək hüquqlarını özlərində saxlayırlar. Eyni zamanda Belarus-Rusiya arasında da narazılıq var. Buna səbəb Belarusun Rusiyadan neft məhsulları alaraq yenidən işləyib Avropaya satması ilə bağlıdır. Əslində, Ukraynanın iştirakı olmadan Avrasiya İttifaqının gələcəyi yox idi. İndi Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. İqtisadiyyat çökdükcə problemlər də meydana çıxır. Bu isə ziddiyyətləri bir qədər də gücləndirir. Əlbəttə, bu qurumda başqa oyunlar da gedir. Fikrimcə, Avrasiya İttifaqının heç bir perspektivi yoxdur. Həm də Qazaxıstan heç kimi yedizdirmək niyyətində deyil. Ələlxüsus da Ermənistanı. Ona görə də, bu proseslər günü-gündən dərinləşəcək. Bu gün Azərbaycanın tutduğu mövqe düzgün mövqedir. Biz həm Avrasiya İttifaqı, həm də Avropa İttifaqı ilə ikitərəfli müqavilə və əməkdaşlığa üstünlük veririk.

- Hazırda Rusiya-Ukrayna münasibətləri göz önündədir. Gələcəkdə Rusiya-Qazaxıstan münasibətləri də bu cür ola bilərmi?
- Nəzəri baxımdan hər şey ola bilər. Bu daha çox tərəflərin mövqeyindən asılı olan bir məsələdir. Ancaq bunun baş verəcəyinə inanmıram. Hazırda Rusiya o səviyyədə deyil ki, özünə ikinci cəbhəni açsın. Artıq Almaniya, Polşa və Latviya prezidenti bəyanat veriblər ki, Rusiyanın bu hərəkətləri doğru deyil. Şübhəsiz ki, Azərbaycan Rusiya ilə münasibətlərini yaxşı saxlamalıdır. Rusiya bizim ən nəhəng qonşularımızdan biridir. Üstəlik Xəzər dənizinin hüququ statusu ilə bağlı danışıqlar gedir. İran da bizim qonşumuzdur və onunla da yaxınlaşma baş verə bilər. Ola bilsin ki, gələcəkdə İranın karbohidrogen ehtiyatları məhz Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılsın. Biz hər bir tərəflə yaxşı münasibət saxlamalı və bundan xeyir götürməliyik. Əsas məsələ Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. Bizə bu sahədə yardım edə biləcək bütün qüvvələrlə əməkdaşlıq içində olmalıyıq.

- Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini necə qiymətləndirirsiniz?
- Türkiyədə prezident seçilib. Əhməd Davudoğlunun baş nazir postuna gətirilməsi göstərir ki, Türkiyə çevik siyasət izləyəcək. Həmçinin geopolitik siyasət dəyişəcək. Türkiyə daha güclü və çevik dövlətə çevriləcək. Əlbəttə, bu hər zaman etnik qarşıdurmaya, separatizmə yuvarlanan Türkiyə üçün unikal haldır. Türkiyəyə stabillik lazımdır. Burada prezident quruluşuna keçilməsi dövləti gücləndirəcək. Cənab Ərdoğanın ilk olaraq Azərbaycana səfəri həm də bir mesajdır. Yəni Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Bu iki ölkənin arasında münasibətlərin dərin olması hər iki dövlətə və xalqa xeyirdir. Bu əməkdaşlıq daimi, eyni müstəvidə və eyni səviyyədə qalmalıdır. Bundan savayı, Türkiyə-Azərbaycan-Gürcüstan arasında strateji müttəfiqliklə bağlı işlər davam etdirilir. Biz bunu alqışlayırıq, bu ciddi və doğru addımdır. Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Odur ki, bizə strateji müttəfiqliyi daha da dərinləşdirmək lazımdır. Biz bütün münasibətlərimizi Dağlıq Qarabağ probleminin həlli konteksində qurmalıyıq.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər