29 Yanvar 2016 11:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifətin əsas hissəsinin kimliyini xalqımız və seçkilər müəyyən edir. Ona görə də kimsə iddia edə bilməz ki, biz əsas müxalifətik. Bu, yersizdir. Siz də şahidsiniz ki, parlament seçkilərində yekə-yekə danışan partiyalar var idi, iddiaları boylarından çox idi. Ancaq adamlar heç yer tuta bilmədi. O böyüklükdə partiyanın funksionerləri gedib seçkidə üçüncü yer tuta bilmədi. Odur ki, bizim bu prosesə kim qatılır, kim qatılmır özü bilər. Umacağımız bir şey də yoxdur. Fikrimizcə, hər kəs bu işə xeyir verməlidir. Ancaq onu da anlayırıq ki, hər bir partiyanın özünün marağı, taktiki addımları var. Biz də onlara təzyiq edib demirik ki, nədən bu prosesə qatılmırsınız”.

Bunu Teleqraf.com-a Böyük Azərbaycan Partiyasının sədri, son zamanlar müxalifətin birləşməsi prosesinin əsas iştirakçılarından olan Elşad Musayev bildirib. Müsahibəni təqdim edirik:

- Elşad bəy, müxalifətin müəyyən hissəsi bir araya gəlmək üçün addımlar atır. Siz də bu prosesdə iştirak edirsiniz. Məqsəd nədir?
- Hazırda dünyada qlobal iqtisadi və maliyyə böhranı müşahidə olunur. Bu böhran dünyanın bütün ölkələrinə mənfi təsir göstərir, iqtisadiyyata ciddi zərbələr vurur. Azərbaycan da bu böhrandan kənarda deyil. Ölkənin taleyi ilə maraqlanan insanlar bu böhrandan çıxmağın yollarını aramalı, hər kəs bu işə öz töhfəsini verməlidir. Məhz bu səbəbdən bir qrup gənc, qeyri hökumət təşkilatı müəyyən məsləhətləşmələrə başlamaq təklifi irəli sürüb. Hazırda bu istiqamətdə müzakirələr gedir.

- Konkret olaraq bu təşəbbüs haradan gəlib, təşkilatçılar kimlərdir?
- Bu prosesin təşəbbüskarı və təşkilatçısı yoxdur. Hamı belə təklif edib ki, bir araya gələk, müzakirələr aparaq, təkliflər hazırlayaq. Odur ki, bu prosesin təşkilatçısı, təşəbbüskarı, əsas hərəkətvericisi yoxdur. Kimsə də, deyə bilməz ki, bu prosesi mən başlatmışam. Hazırda ümumi müzakirələr, məsləhətləşmələr gedir, İşçi Qrup yaradılıb. Müzakirələr, mübahisələr, diskussiyalar var.

- Ancaq iddia edilir ki, əsas təşəbbüskar və təşkilatçı Pənah Hüseynlə Tural Abbaslıdır.
- Mətbuatda belə şeylər yazıla bilər. Ancaq hər şey yazıldığı kimi də deyil. İkincisi, kimin adının yazılması, ideya müəllifi olması məsələsi də əhəmiyyətli deyil. Əsas prosesin özüdür. Azərbaycanda müxalifətin bir araya gəlməsi kimi mərhələni başa gətirmək çox çətindir. Çünki buna dəfələrlə cəhdlər göstərilir, sonradan hansısa müdaxilələr edilir və sonda bu proses baş tutmur. Ancaq indi məsuliyyətli insanlar bilir ki, indiki mərhələdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması daha vacibdir. Çalışmaq lazımdır ki, iqtisadi baxımdan ölkə ayaqda ola bilsin. Nəzərə almalıyıq ki, ölkəmizin sağ-solunda düşmən çoxdur. Hazırda ermənilərlə faktiki müharibə vəziyyətindəyik. Bir tərəfdə Rusiya, digər tərəfdə də İran var. Bir sözlə, bir çox qüvvələr heç Azərbaycanın inkişafını da istəmir. Biz də hesab edirik ki, belə vəziyyətdə kənarda qalmaq düzgün deyil. Odur ki, toplaşırıq, müzakirələr aparırıq, müəyyən təkliflərimizi hazırlayırıq. Həmçinin prosesi izləyir, üzərimizə hansı yüklərin düşdüyünü müəyyən edirik. Ən əsası da, təkliflərimizi irəli sürürük. Məncə, vacibi budur. Hər kəs bu işdə olmalı, öz töhfəsini verməlidir.

- Ancaq bir çox partiyalar bu prosesdə iştirak etmir, kənara çəkilib.
- Bu, onların öz işidir.

- Siz bir araya gəlirsiniz, amma müxalifətin əsas partiyaları bu prosesdə iştirak etmir...
- Müxalifətin əsas hissəsinin kimliyini xalqımız və seçkilər müəyyən edir. Ona görə də kimsə iddia edə bilməz ki, biz əsas müxalifətik. Bu, yersizdir. Siz də şahidsiniz ki, parlament seçkilərində yekə-yekə danışan partiyalar var idi, iddiaları boylarından çox idi. Ancaq adamlar heç yer tuta bilmədi. O böyüklükdə partiyanın funksionerləri gedib seçkidə üçüncü yer tuta bilmədi. Odur ki, bizim bu prosesə kim qatılır, kim qatılmır özü bilər. Umacağımız bir şey də yoxdur. Fikrimizcə, hər kəs bu işə xeyir verməlidir. Ancaq onu da anlayırıq ki, hər bir partiyanın özünün marağı, taktiki addımları var. Biz də onlara təzyiq edib demirik ki, nədən bu prosesə qatılmırsınız.

- Sizə elə gəlmirmi ki, Müsavat və Milli Şura perspektiv görmədiyi üçün sizin tədbirlərinizə qatılmır, ünsiyyət saxlamır?
- Bunu onlardan soruşmaq lazımdır. İkincisi, uzun illərdir ki, çoxları istəyib ki, ölkə adına müxalifət Müsavat və AXCP olsun. Bundan başqa müxalifətin olmasını istəməyiblər. AXCP və Müsavatın olmadığı təqdirdə heç nəyin alınmadığı haqda iddia irəli sürmək doğru deyil. Bəyəm, 1988-ci ildə ölkədə AXCP və ya Müsavat var idi? Onlar elə xalq hərəkatının dalğası üzərində yarandı. Biz onların müxalifət olmasına etiraz etmirik, qeyd edirik ki, öz fəaliyyətlərində azaddırlar.

- Ancaq məhz bu qüvvələr sizi səmimi müxalifət hesab etmir...
- Onlar çox şey deyə bilərlər. Mən də onlara deyim ki, siz müxalifət deyilsiniz? Bu, uşaq oyunudur. İllərdir ki, belə uşaq oyunları oynanılır. 20 ildir mətbuatda bir-birini qırırlar. Adamlar hakimiyyəti qoyub qaçıblar. Sonra da onun-bunun üzərinə nəsə atırlar. Bu, ciddi bir iş deyil. İndi ölkənin vəziyyəti tələb edir ki, effektiv təkliflər irəli sürək. Yoxsa, köhnə fikirləri şərh etmək, yenidən dava-qırğın yaratmaq, bir-birini ittiham etmək ciddi iş deyil. Əgər, onlar bu yolla getmək istəyirlərsə, işləri avand olsun. Bu biri tərəf indi seçilən xətti götürüb toparlanmaq, təkliflər ortaya çıxarmaq istəyirlərsə, allah köməkləri olsun. Ancaq əvvəlki illərdə olduğu kimi yenə də müxalifət daxilində qarşıdurmalar və qarşılıqlı ittihamlara ehtiyac yoxdur.

- Bunu müxalifətin özü etmirmi, məsələn Milli Şura üzvləri deyirlər ki, indi bir araya gələn partiyalar satqındır, vaxtilə Milli Şuranı qoyub qaçıblar?
- Dünyanın heç bir yerində müxalifətdə birincilik uğrunda mübarizə getmir. Yalnız Azərbaycanda gerizəkalı insanlar müxalifət uğrunda mübarizə aparır. Kimsə özünü müxalifət hesab edirsə, özünə ana müxalifət, əsas müxalifət deyirsə, özü bilər. Mən belə düşüncələri araşdırmaq, şərhlər vermək istəmirəm. Ümumiyyətlə, zəka baxımından qüsurlu olan məsələləri yaxına buraxmağa dəyməz. Adamlar tutuquşu kimi bir sözü illərdir deyirlər. Sən də durub hər il buna qiymət verməlisən? Məşhur bir söz var: qanmaz adamlarla nə qədər mübahisə etdim, hamısına uduzdum. Adamlar illərlə eyni sözləri deyirlər. Təbii ki, yeni fikirlər olmalıdır. İllərlə de ki, mən müxalifətəm, filankəs müxalifət deyil. Nə olsun?

- Konkret olaraq Milli Şura və Müsavat niyə sizin tədbirləri boykot edir, gəlib öz mövqelərini açıq şəkildə açıqlamır?
- Bu, mənim özüm üçün də maraqlıdır. Adamlar niyə mövqelərini gəlib açıqlamırlar. Normalda siyasətçi olan şəxs hətta ən kiçik auditoriyada belə danışmalı, düşüncələrini açıqlamalıdır.

- Demək, ciddi səbəbləri var?
- Özləri bilər, mən bilmirəm. Yəqin, bazarlıq məsələsi var. Açığı, partiyaların bir araya gəlməməsi maraqlı və hardasa anlaşılan deyil.

- Siz daima Türkiyədə olursunuz, bu ölkədə siyasi proseslərlə maraqlanırsınız. İndi sanki Türkiyə bir döyüş meydanına bənzəyir. Hər gün şəhidlər, PKK-nın məktəb və xəstəxanalara hücumları olur. Qardaş ölkədə durumu necə qiymətləndirirsiniz?
- İsrailin bir qadın baş naziri olub və elan edib ki, terrorçularla danışıqlara getmək olmaz. Türkiyə bunun əksinə olaraq uzun müddət terrorçularla danışıqlara getdi. Faktiki PKK ilə təmaslar oldu. Ədalət və İnkişaf Partiyası bununla ən böyük səhv buraxdı. Nəticədə terrorçuların çoxu dağlardan şəhərlərə endilər, özlərinə gizli yerlər, silahlar tapdılar. İndi də Türkiyə bunun bədəlini ödəyir. Amma Türkiyə böyük dövlətdir və terrorçular layiqli cavablarını alacaqlar. Sivil insanlar arasında terrorçunu tapmaq və zərərləşdirmək də asan iş deyil.

- Ancaq Türkiyə-Rusiya və Türkiyə-İran münasibətləri də hamar deyil. Bu proses hansı nəticələr yarada bilər?
- Türkiyənin özünün təhlilçiləri də qeyd edirlər ki, xarici siyasətdə ciddi səhvlərə yol verilib. Xüsusilə, qonşularla sıfır problemi özünü doğrultmayıb. İndi qonşularla ciddi problemlər mövcuddur. Türkiyənin qonşularla yaxşı münasibətlərinin olması bizim də maraqlarımıza cavab verir. İran ənənəvi rəqib rolunu oynayır. Rusiya ilə əlaqələr çox yaxşı idi, bu ölkə ilə ticarət balansı yüksəlirdi. Lakin hazırda münasibətlər düşməni müstəvidədir. Faktiki Rusiya Suriyada Türkiyənin sərhədləri yaxınlığında oturub. Türkiyə öncədən ya Qərbin yanında olmalı idi, ya da Rusiya ilə münasibətlərini qorumalı idi. Sonda Ankara Qərbin yanında olmaq xəttini seçdi. Nəticə yaxşı olsun. Hazırda Rusiyanı çökdürmək istəyirlər. Neftin qiymətini aşağı salır, sanksiyalar tətbiq edirlər və s. Proses gedir. Hazırda Rusiya Suriya məsələsində ciddi müqavimət göstərir. Fikrimcə, sonda Rusiya geri çəkiləcək və Suriyada hakimiyyət dəyişəcək. Yaxın Şərq bataqlıqdır. İndi bu bataqlığa Amerika da, Rusiya da batıb. Buradan çıxmaq bir qədər çətindir. İqtisadiyyatı güclü olan sonda istədiyini edəcək. Bizim üçün təəssüfedici məqam odur ki, Suriya məsələsində türkmənlər daha pis durumdadır. Türkmən dağı alınıb, Bəşər Əsəd bu əraziləri tam nəzarətə almaq istəyir. Fikrimcə, Türkiyənin türkmənlərlə bağlı siyasəti öncədən səhv idi. Əvvəl ümumiyyətlə, türkmənlərə diqqət yox idi, sonradan bu məsələ gündəmə gəldi. Lakin bunun da xeyri olmadı. Aydın olan budur ki, hazırda Rusiya ilə yanaşı Amerika da istəmir ki, Türkiyə Suriyaya müdaxilə etsin, ora girsin, türkmənləri müdafiə etsin. Həm Rusiya, həm də ABŞ Suriyada kürdləri silahlandırmaq məsələsində eyni mövqedən çıxış edir. Bu baxımdan Türkiyənin vəziyyəti ürəkaçan deyil. Onun müttəfiqləri belə güclənməsinin əleyhinədirlər.

Nemət


Müəllif: