Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
***
Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncama əsasən, Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
***
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb