2020-ci ilin 15 oktyabr tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Çex Respublikasının Xarici İşlər naziri Tomas Petriçek arasında telefon danışığı bağ tutub.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazir Ceyhun Bayramov çexiyalı həmkarına Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi barədə məlumat verib. Münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması, Gəncəyə raket hücumu və onun ağır nəticələri Çex Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 43 mülki şəxsin həyatı itirdiyi və 218 mülki şəxsin yaralandığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına və infrastrukturlarına qarşı növbəti raket hücumlarının qarşısının alındığı barədə məlumat verib, Azərbaycanın özünü müdafiə etmə hüququ çərçivəsində hərəkət etdiyi vurğulanıb. Bölgədəki mövcud vəziyyət üçün tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd olunub.
Xarici İşlər naziri Tomas Petriçek mülki insanların ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. O, atəşkəsə riayət olunmasının və tərəflər arasında danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.