Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) Nizamnaməsi və Strukturu təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat verilməlidir.
İqtisadiyyat Nazirliyi agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görməli, agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməlidir.