28 May 2022 15:43
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Nə qədər Türkiyə-Azərbaycan bir yerdə inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” müharibənin ilk saatlarında deməsi bizə əlavə güc verdi.

Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr edilmiş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə paradı qəbul etdik.", - Prezident əlavə edib.


Müəllif: Teleqraf.com