Dəmir konstruksiyanın tavanına bərkidilmiş nazik şəffaf tellərdən qeyri-mütənasib şəkildə asılmış çoxsaylı fotoreproduksiyalar son iki ildə xalqımızın gücünü və birliyini təcəssüm etdirən bir kompozisiyadır. 3D formatında hazırlanmış kompozisiyanın bütövlüyünü yalnız bir baxış nöqtəsindən - Zəfər nöqtəsindən görmək mümkündür. Bu, dövlətimizin başçısı ilə ordu və xalqın birliyini göstərən - Dəmir Yumruqdur. Onu düşmən görəndə gücümüzü, dost görəndə birliyimizi xatırlayır.
Teleqraf.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ilk dəfə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – ADEX-2022-də çoxsaylı fotorepoduksiyadan ibarət “Dəmir Yumruq” perseptual kompozisiyasını nümayiş etdirdi.
Kompozisiyanın hündürlüyü 2,25, eni 2,10 metrdir.
Şəkillərdə birinci və ikinci Qarabağ müharibəsinin qəhrəmanları, Vətən müharibəsindən döyüş səhnələri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərzilərə səfərləri, hərbçilərlə görüşləri, xalqımızın Zəfər sevinci, bərpa-quruculuq işlərinin gedişi və digər maraqlı tarixi anlar əks olunub.
Qarabağın azadlığı və dirçəlişi uğrunda mübarizənin şanlı tarxinin qısa fotoxronikasını təşkil edən “Dəmir Yumruq” kompozisiyası öz orijinal və maraqlı estetikası ilə Vətən münaribəsində Zəfərimizin möhtəşəmliyini bir daha göz önündə canlandırır.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!